ELMİ ŞURA

Əsasnamə

Baytarlıq   Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının

Ə S A S N A M Ə S İ

       Ümumi müddəalar

1.1 Elmi Şura Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 03  mart  2016-cı il tarixli, 1116-QK6-0030 nömrə ilə qeydiyyata alınan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Nizamnaməsinin 5-ci bəndinin 5.6.-cı yarım bəndinə əsasən yaradılmışdır;

1.2 Baytarlıq ET İnstitutunun Elmi Şurası (bundan sonra müvafiq olaraq İnstitut və Elmi Şura adlanacaq) seçkili orqan olub, institutun ümumi elmi-təşkilati fəaliyyətinə rəhbərliyi həyata keçirir;

1.3.Elmi Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, Kənd Təsərrüfatı Nazirliyinin əmrlərini, təlimatlarını, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əmr və göstərişlərini, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur; 

1.4.Elmi Şura öz səlahiyyətlərinə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq müstəqil şəkildə bütün məsələləri həll edir;

1.5. Elmi Şuranın qərarlarının icrası institutun bütün şöbə və laboratoriyalarında, rəhbərlikdə və digər struktur bölmələrində,   elmi-eksperimental bazalarında  və digər tabeli müəssisələrdə çalışanlar üçün məcburidir;

1.6.  Elmi Şura qəbul edilmiş qərarların icrasını nəzarətdə saxlayır;

1.7. Zərurət yarandığı hallarda institutun Elmi Şurasının əsasnaməsinə ediləcək əlavə və dəyişikliklərlə bağlı məsələlərə Elmi Şuranın iclasında baxılır və institutun direktoru tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir;

1.8. Elmi Şuranın qəbul edilmiş əsasnaməsi yenisi qəbul edilənədək qüvvədə qalır;

1.9. Elmi Şura - Baytarlıq ET İnstitutu əsasən elmi-tədqiqat, kadr hazırlığına  nəzarət edir. Həmçinin maliyyə fəaliyyətləri  ilə bağlı məsələləri kollegiyal şəkildə həll və koordinasiya edir;

1.10. Baytarlıq ET İnstitutunun Elmi Şurasının əsasnaməsi Elmi Şurada qəbul edilir.

      İnstitutun Elmi Şurasının hüquq və vəzifələri

2.1. İnstitutun Elmi Şurasının hüquq və vəzifələrinə aşağıdakılar daxildir:

-institutun elmi-təşkilati fəaliyyətinin nizamlanmasını həyata keçirən normativ sənədləri hazırlayır və qəbul edir;

-institutun mövzu planına və tədqiqat proqramlarına uyğun yerinə yetirilən elmi-tədqiqat işlərinin icrasına nəzarət edir;

-institutun bütün struktur bölmələri arasında öz funksiyalarının yerinə yetirilməsi üçün qarşılıqlı əlaqələri həyata keçirir;

-Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində təsdiqlənmək üçün təqdim ediləcək institutun mövzu planını müzakirə edir;

-fəlsəfə və elmlər doktorlarının, dissertantların dissertasiya mövzularını, elmi rəhbər və elmi məsləhətçilərini təsdiqləyir;

-institutun elmi cəmiyyətlərə, assosiasiyalara və digər birliklərə daxil olması məsələlərinə baxır;

-institutun strukturu və ona ediləcək dəyişikliklərlə bağlı məsələləri müzakirə edir və yuxarı orqan qarşısında məsələ qaldırır;

-institutun  metodiki komissiyasının əsasnaməsini təsdiqləyir və qəbul edir;

-institutun elmi əsərlər məcmuəsinin redaksiya heyəti üzvlərinin seçilməsi ilə bağlı məsələlərə baxır və müvafiq qərar qəbul edir;

-institutun nəşriyyat fəaliyyəti, elmi-metodiki və elmi-praktiki konfrans və seminarların keçirilməsi ilə bağlı qərarlar qəbul edir;

-institutun yerli və müvafiq beynəlxalq elmi mərkəzlər və institutlarla elmi əlaqələrə dair məsələləri müzakirə edir;

-institutun loqo və simvolları, saytla bağlı məsələləri müzakirə edir və təsdiqləyir;

-vəzifələrinin öhdəsindən gəlmədiklərindən tədqiqatla məşğul olan işçilərlə əmək müqaviləsinə xitam verilməsi prosedurlarını müəyyən edir;

-institutun elmi-tədqiqat işlərinin mövzu planlarının formalaşması, hesabatların tərtibi və qəbulu qaydalarını hazırlayır və təsdiqləyir;

-institut tərəfindən maliyyələşdirilən elmi-tədqiqat işlərinin perspektiv və illik tədqiqat proqramlarının əsas istiqamətlərini müzakirə edir və təsdiqləyir;

-zərurət yarandığı hallarda şöbə müdirlərinin növbəti seçkilərə qədər institutun Elmi Şurasına üzv seçilməsi ilə bağlı qərar qəbul edir;

-işçilərin və eləcə də mütəxəssislərin hazırlıq səviyyələrinin attestasiya ilə bağlı məsələləri həll edir;

-tədqiqatla məşğul olan kadr və mütəxəssislərin ixtisaslarının artırılması üçün hazırlığın istiqamətlərini müəyyən edir;

-institutun müvafiq şöbələrində fermerlərə göstəriləcək xidmətlərlə və elmi nəticələrin tətbiqi üçün bağlanılacaq müqavilələrlə bağlı məsələləri müzakirə edir və qərarlar verir;

-elmi dərəcə və elmi ad almaq istəyən iddiaçıların şəxsi işlərinə baxır və qərar qəbul edir;

-il ərzində elmi nailiyyətləri və institutun ictimai işlərində fəallığı ilə fərqlənən işçilərin mükafatlandırılması, fəxri fərman və dövlət mükafatlarına layiq görülməsi ilə əlaqədar məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir;

-layihələrin, standartların və digər normativ-texnoloji sənədlərin hazırlanmasına dair məsələləri müzakirə edir;

-şöbə,   elmi-eksperimental baza rəhbərlərinin,  doktorant və dissertantların yarımillik və illik hesabatları dinlənilir və açıq səsvermə yolu ilə müvafiq qərarlar qəbul edir;

-elmi işlərin və layihələrin ekspertizasının təşkili və elmi nailiyyətlərini özündə əks etdirən elmi əsərlərin, metodik tövsiyələrin və çap materiallarının hazırlanması və nəşr edilməsi məsələlərini müzakirə edir və təsdiqləyir;

-institutun fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edir.

2.2. Elmi Şuranın iclaslarına məxsus protokollar elmi katib tərəfindən tərtib olunur və iclasın sədri tərəfindən imzalanır;

2.3. Elmi Şuranın qərarları institut direktoru - Elmi Şuranın sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir;

2.4. Elmi Şura üzvləri eyni hüquq və vəzifələrə malikdirlər və qəbul edilmiş qərarlara görə eyni məsuliyyət daşıyırlar;

2.5. Elmi Şura üzvləri hüquq və vəzifələrini yerinə yetirərkən institutun maraqları əsas götürülməlidir;

2.6. Elmi Şura üzvlərinin hüquqları:

-institutun elmi fəaliyyəti ilə bağlı istənilən məlumatları əldə etmək;

-Elmi Şuranın işinin yaxşılaşdırılması, institutda tədqiqat prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

-səlahiyyətləri çərçivəsində Elmi Şurada qaldırılan məsələlərə baxılması üçün təşəbbüs göstərmək;

-Şurada baxılan bütün məsələlər üzrə həlledici səs hüququndan istifadə etmək;

-Şuraya üzv seçilən namizədlər haqqında öz fikirlərini ifadə etmək, institutun direktoruna, rəhbərliyə suallarla müraciət etmək, müzakirələrdə öz təkliflərini əsaslandırmaq üçün çıxış etmək;

-Elmi Şurada işçi komissiyaya seçilmək;

-öz xahişi ilə Elmi Şuranın üzvlüyündən çıxmaq.

2.7. Elmi Şura üzvlərinin vəzifələri:

-Elmi Şuranın iclasında iştirak etmək, üzürlü səbəbdən iclasda iştirak etməmək barədə elmi katib vasitəsilə şuranın sədrini məlumatlandırmaq;

-Elmi Şuradan işçi komissiyaya seçilənlərin şurada müzakirəyə çıxarılacaq müvafiq məsələlərin həll edilməsində fəal kömək etmək;

-Elmi Şura tərəfindən qəbul edilmiş qərarların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə kömək etmək;

-İnstitut Nizamnaməsinin və hazırkı əsasnamənin müddəalarına daxili intizam qaydalarına əməl etmək;

2.8. İnstitutun Elmi Şurasının sədri (direktor)

-hazırkı Əsasnamə ilə ona verilən səlahiyyət çərçivəsində Elmi Şuranın işini təşkil edir;

-Elmi Şuranın iclasını aparır;

-tədqiqat ili üçün institutun Elmi Şurasının iş planının layihəsinin işlənib hazırlanmasına nəzarət edir;

-institutun Elmi Şura iclasının protokollarını imzalayır;

-institutun Elmi Şurasının çıxardığı qərarların yerinə yetirilməsi işini təşkil edir;

-səlahiyyətlərinə aid olan məsələlər üzrə sərəncam və tapşırıq verir;

-institutun Elmi Şurası adından təsisçilər, nazirliklər, qurumlar, qanunverici və icra hakimiyyəti, məhkəmələr, prokurorluq orqanları, ictimai və digər təşkilatlarla və vəzifəli şəxslərlə, həmçinin xarici ölkələrin nümayəndələri arasında qarşılıqlı əlaqələrin qurulmasında təmsil olunur;

-Elmi Şuranın növbəti və növbədənkənar keçiriləcək iclasların tarixləri barədə qərar qəbul edir;

-operativ şəkildə baxılması tələb olunan (plandan kənar məsələlər) məsələləri Elmi Şura iclasının gündəliyinə daxil edir;

-qanunvericilik və digər normativ hüquqi aktlara, institutun nizamnaməsinə və hazırkı əsasnaməyə uyğun olaraq Elmi Şuranın fəaliyyətinin təşkili ilə əlaqədar olaraq digər məsələləri həll edir;

2.9. üzürlü səbəbdən institutun Elmi Şura sədrinin iclasda olmadığı hallarda onu şuranın sədr müavini əvəz edir.

 

    Elmi Şuranın işinin təşkili və idarə olunması

 

3.1 İnstitutda direktordan (Elmi Şuranın sədri), direktorun müavinlərindən, elmi katibdən, institutun funksional fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərlərindən, alimlərdən və mütəxəssislərdən ibarət Elmi Şura yaradılır;

3.2 İnstitutun ali idarəetmə orqanı onun Elmi Şurasıdır;

3.3 Elmi Şuranın üzvlərinin sayı, tərkibi və əsasnaməsi institutun direktoru tərəfindən təsdiq edilir;

3.4 Elmi Şuranın tərkibinə üzvlər gizli və ya açıq səsvermə yolu ilə seçilir. Elmi Şura, onun tərkibi Nazirliyin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli hesab edilir və Elmi Şuranın ilk iclası bir ay müddətində keçirilir;

3.5 Elmi Şura iclaslarının dövrü olaraq keçirilməsi, davam etmə müddəti və qaydaları hazırkı əsasnamə və Elmi Şuranın qərarları ilə müəyyən edilir;

3.6 Elmi Şuranın növbədənkənar iclasları Elmi Şuranın sədri, onun müavini və ya Elmi Şura üzvlərinin yarıdan çoxunun tələbi ilə çağrıla bilər;

3.7 Elmi Şuranın iclası təsdiq edilmiş Şura üzvlərinin elmi katib tərəfindən iştiraketmə vərəqində qeydiyyatın aparılması ilə başlayır;

3.8 Elmi Şura üzvləri Şura iclasının gündəliyinə daxil ediləcək məsələlər barədə əvvəlcədən məlumatlandırılır, materiallara baxılmaq üçün onlara təqdim edilir;

3.9 Elmi Şuranın iclası onun üzvlərinin ən azı üçdə iki hissəsi iştirak etdikdə (yetərsay olduqda) keçirilir. Elmi Şurada müzakirə olunan məsələlər barədə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir;

3.10 Nizamnaməyə dəyişikliklər Elmi Şuranın iclasında iştirak edən üzvlərinin üçdə iki hissəsi səs verdikdə qəbul edilir;

3.11 Elmi Şuranın hər bir üzvü bir səsə malikdir. Səsvermə gizli və ya açıq keçirilə bilər;

3.12 Elmi Şurada müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilir;

Elmi Şuranın qərarları institutun direktoru tərəfindən imzalanır və institutun 

möhürü ilə təsdiqləyir.   

3.13 Elmi Şuranın əsas fəaliyyət istiqamətləri üzrə Elmi Şuranın üzvlərindən ibarət işçi komissiyası formalaşa bilər, tərkibi və iş qaydaları iclasda təsdiqlənir. Elmi Şuranın işçi komissiyasının üzvləri iclas üçün materilların hazırlanmasında iştirak edir, şuranın sədri üçün məruzə hazırlayır, layihə qərarlarını formalaşdırır, qəbul edilmiş qərarların icrasına nəzarət edilməsində iştirak edir;

3.14 Elmi Şuranın iclaslarında qaldırılan məsələlərin həlli Elmi Şuranın iş planı əsasında həyata keçirilir;

3.15 Elmi Şuraya təqdim edilən materiallar müəyyən edilmiş qaydalara uyğun gəlmədiyi halda yenidən işlənmək üçün qaytarılır və Elmi Şuranın növbəti iclaslarında baxılması üçün təxirə salınır;

3.16 Elmi Şuranın iclası iş planına uyğun olaraq ayda bir dəfədən az olmayaraq şuranın sədri tərəfindən çağırılır. İclasın tarixi və gündəliyi Elmi Şuranın katibi tərəfindən bir həftədən gec olmayaraq elan edilir.  

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

info@beti.az

Azərbaycan, İndeks 1016, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi 

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: