Qanunlar

"Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında Baytarlıq-Sanitariya Konvensiyası"nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.          2005-ci il aprelin 21-də Kişineu şəhərində imzalanmış "Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında Baytarlıq-Sanitariya Konvensiyası" təsdiq edilsin.

II.      Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2005-ci il

                       № 1012-IIQ

 

 

Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti arasında Baytarlıq-Sanitariya

KONVENSİYASI

Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Hökuməti ilə Moldova Respublikasının Hökuməti,

Azərbaycan - Moldova beynəlxalq əlaqələrini inkişaf etdirmək və baytarlıq sahəsində əməkdaşlığı dərinləşdirmək istəyini rəhbər tutaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

M addə    1

Bu Konvensiyanın yerinə yetirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsini həyata keçirən Tərəflərin səlahiyyətli orqanları:

Azərbaycan Respublikasından - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətidir;

Moldova Respublikasından - Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyinin Baş Baytarlıq Təbabəti İdarəsi və Dövlət Müfəttişliyidir.

Maddə   2

Tərəflər arasında əməkdaşlıq yoluxucu xəstəliklərin törədicilərinin keçiricisi ola bilən heyvanların, heyvan mənşəli məhsul və xammalın, yem və digər malların idxalı, ixracı və tranziti zamanı ərazilərin epizootiyadan qorunması zərurətindən irəli gəlir. Bu məqsədlə:

1. Tərəflər beynəlxalq Epizootik Büronun siyahısında nəzərdə tutulan xəstəliklərin, qeyri-sağlam məntəqəsini göstərməklə, baş verməsi, onda olan xəstə heyvanların növü və miqdarı, xəstəliyin gedişi formaları, infeksiyanın ehtimal olunan yoluxma yolları və törədicinin tipi, həmçinin xəstəliyin yayılmasının qarşısını almaq və ləğv etmək üçün görülən tədbirlər barədə bir-birini məlumatlandırmaq öhdəliyini öz üzərinə götürürlər.

2.       Tərəflər insan və heyvan sağlamlığı üçün təhlükəli olan antropozoonoz xəstəliklərin baş verməsi, heyvanlarda, yaxud heyvan mənşəli məhsullarda bioloji əlavələrin, kimyəvi maddələrin və mexaniki qarışıqların olması barədə qarşılıqlı olaraq məlumat vermək öhdəliyini öz üzərinə götürürlər.

3.       Tərəflər, zərurət yarandığı təqdirdə, heyvanlarda baş vermiş xəstəliyin diaqnostikasında qarşılıqlı kömək göstərir, qüvvədə olan beynəlxalq qaydalara riayət etməklə bakteriya və virus ştamlarının qarşılıqlı mübadiləsini aparırlar.

Maddə   3

1.  Bu Konvensiyada "heyvanlar" adı altında aşağıdakılar anlaşılmalıdır:

-   təkdırnaqlılar (at, eşşək, qatır və s.);

-   cütdırnaqlı ev və vəhşi heyvanlar (iri buynuzlu heyvanlar, qoyunlar, keçilər, donuzlar, dəvələr və s.);

-   ev və vəhşi gəmiricilər (ev və çöl dovşanları, siçovullar, hind donuzları və s.);

-   ev quşları (toyuqlar, hind toyuqları, qazlar, ördəklər, firəng toyuğu və s.);

-   dekorativ quşlar (qırqovul, kəklik, meşə xoruzu və s.);

-   ekzotik quş və heyvanlar (tutuquşular, meymunlar və s.);

-   arılar;

-   balıqlar, ilbizlər, xərçəngkimilər, digər onurğasızlar, tısbağalar, qurbağalar, ipəkqurdları.

 

2.        Bu Konvensiyada "heyvanların doğum-törəmə materialları" adı altında toxum, yumurta hüceyrələri, ziqotlar və embrionlar, mayalanmış kürü anlaşılmalıdır.

3.        Bu Konvensiyada "heyvan mənşəli məhsullar" adı altında aşağıdakılar anlaşılmalıdır:

 

-   işlənilməmiş halda heyvan mənşəli xammal;

-   heyvan mənşəli qida məhsulları, qida üçün istifadə olunan əlavə məhsullar (içalat, başlayaq) və hazır heyvandarlıq məhsulları;

-   ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, bal və s.;

-   qida üçün istifadə olunmayan heyvan mənşəli məhsullar.

 

4.        Bu Konvensiyada "yem" anlayışı altında, tərkibində toksiki maddə olmayan və heyvanların yemlənməsi üçün istifadə edilə bilən bitki, heyvan, mineral, mikrobioloji, kimyəvi və digər mənşəli bütün yemlər anlaşılmalıdır.

5.        Bu Konvensiyada göstərilməyən heyvanlar, heyvanların doğub-törəmə materialları, heyvan mənşəli məhsullar və yem ilə bağlı məsələlər hər konkret halda Tərəflərin səlahiyyətli orqanlarının rəhbərliyi tərəfindən tənzimlənir.

Maddə   4

Tərəflərin səlahiyyətli orqanları heyvanların yoluxucu xəstəlikləri ilə mübarizəsinə və profilaktikasına dair qüvvədə olan təlimatlar barədə qarşılıqlı məlumat verməlidirlər, idxal, ixrac və tranzit edilən heyvan və heyvan mənşəli məhsullara, yemlərə və dövlət baytarlıq xidmətinin nəzarətində olan di-gər yüklərə baytarlıq-sanitariya tələbləri barədə, eləcə də böyük iqtisadi itkilərlə nəticələnə biləcək yoluxmayan xəstəliklər, o cümlədən toksiki və radioaktiv maddələrin istifadəsi nəticəsində əmələ gələn xəstəliklərə qarşı tətbiq edilən tədbirlər barədə informasiya mübadiləsi etməlidirlər.

Bu Konvensiya çərçivəsində Tərəflər, yoluxma təhlükəsi olmadığı hallarda, tranzitlə daşınan heyvan mənşəli məhsulları baytarlıq nəzarətindən azad edirlər.

M addə   5

Tərəflərin səlahiyyətli orqanları baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə:

1.       Baytarlıq təbabəti fəaliyyəti ilə əlaqədar normativ aktlar və digər xüsusi informasiya, habelə baytarlıq təbabəti sahəsində xüsusi ədəbiyyat və dövri nəşrlərin mübadiləsini edirlər.

2.       Baytarlıq təbabəti fəaliyyətinin təkmilləşdirilməsi üzrə təcrübənin və biliklərin mübadiləsi, baytar həkimlərinin, elmi işçilərin peşəkarlıq dərəcəsini artırmaq və baytar mütəxəssislərinin qarşılıqlı səfərləri üçün əlverişli şərait yaradırlar.

3.       Tərəflərin dövlətlərinin ərazilərində istehsal olunan baytarlıq preparatlarının (dərmanlar, parazit əleyhinə, immunobioloji və diaqnostik vasitələr) ticarət mübadiləsinə, həmçinin birgə baytarlıq istehsal və ticarət müəssisələrinin yaradılmasına yardım göstərirlər.

Maddə   6

1.        Konvensiyanın 4-cü və 5-ci maddələrində göstərilən sənədlərin mübadiləsi üzrə xərclər sənədi göndərən Tərəfin hesabına ödənilir.

2.        Mütəxəssislər mübadiləsi Tərəflərin səlahiyyətli orqanlarının qarşılıqlı razılığı əsasında həyata keçirilir. Əgər Tərəflər başqa cür razılığa gəlməyiblərsə, səfərlərlə bağlı bütün xərclər ezamiyyətə göndərən Tərəfin hesabına ödənilir.

M ad də   7

Tərəflər yoluxucu, parazitar və antropozoonoz xəstəliklərin daşıyıcısı ola biləcək heyvanların, heyvan mənşəli məhsulların, yemlərin və digər malların idxalı, ixracı və tranziti üzrə ticarət sövdələşməsində tətbiq edilən Beynəlxalq Epizootik Büronun Beynəlxalq Baytarlıq Məcəlləsinin müddəalarına uyğun xüsusi baytarlıq-sanitariya qaydaları və qarşılıqlı razılaşdırılmış tələblərinin işlənilməsini öz səlahiyyətli orqanlarına həvalə edirlər.

Tərəflərin dövlətlərinin baytarlıq təbabəti xidmətlərinin rəhbərləri bu Konvensiyanın 4-cü və 5-ci maddələrində göstərilən zəruri məlumatların mübadiləsi üçün birbaşa əlaqə yarada, yaxud ortaya çıxan problemlər üzrə məsləhətləşmələrin aparılması və birgə profilaktiki tədbirlərin hazırlanması üçün görüşlər təşkil edə bilərlər.

Maddə   8

Tərəflər heyvanların yoluxucu xəstəliklərinin, həmçinin antropozoonozların törədicilərinin daşıyıcısı olan heyvanların, heyvan mənşəli xammal və məhsulların, yemlərin və digər malların idxalı, ixracı və tranziti zamanı milli qanunvericilik normalarını rəhbər tuturlar.

Maddə   9

Baytarlıq sertifikatları Beynəlxalq Epizootik Büronun Beynəlxalq Baytarlıq Məcəlləsinə uyğun olmalıdır və dövlət baytarlıq xidmətinin mütəxəssisi tərəfindən iki dildə - ixrac edən ölkənin dilində və Tərəflərin səlahiyyətli orqanları ilə razılaşdırılmış dildə doldurulur.

Maddə   10

Əgər Tərəflərin birinin dövlətinin ərazisində Beynəlxalq Epizootik Büronun siyahısında göstərilən xəstəliklərdən biri baş versə, digər Tərəf həmin dövlətdən xəstəlik daşıyıcısı ola bilən heyvanların, heyvan mənşəli məhsul və xammalın, bioloji preparatların, yemlərin və digər materialların idxalı və tranzitini məhdudlaşdıra, yaxud dərhal dayandıra bilər və bu barədə həmin Tərəfin səlahiyyətli orqanına məlumat verir.

Maddə   11

Əgər sərhəd baytarlıq baxışı zamanı heyvanlar, heyvan mənşəli məhsullar və yemlər olan bağlama və ya nəqliyyat vasitəsi baytarlıq sertifikatında göstərilənlərə uyğun gəlmirsə və baytarlıq-sanitariya tələblərinə cavab vermirsə, idxal edən ölkənin səlahiyyətli baytarlıq orqanları ixrac edən ölkənin səlahiyyətli baytarlıq orqanlarına bu barədə məlumat verir və qüvvədə olan baytarlıq sahəsində qanunvericiliyə uyğun olaraq, öz ərazisini infeksion və invazion xəstəliklərdən, həmçinin antropozoonozlardan qorumaq məqsədilə tədbirlər görürlər.

Maddə    12

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Konvensiyaya, onun ayrılmaz hissəsi olan ayrı-ayrı Protokollarla müvafiq qaydada rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər. Həmin Protokollar bu Konvensiyanın 14-cü maddəsində nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minir.

Maddə    1 3

Bu Konvensiya Tərəflərin iştirak etdikləri beynəlxalq müqavilələrlə müəyyən olunmuş hüquqi münasibətlərə və öhdəliklərə təsir etmir.

M addə    14

Bu Konvensiya onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birinə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Konvensiya 5 (beş) il müddətinə bağlanılır. Tərəflərdən biri müvafiq müddətin bitməsinə 6 (altı) ay qalmış Konvensiyanın qüvvəsini ləğv etmək niyyətində olduğu haqqında digər Tərəfə yazılı bildiriş göndərməzsə, Konvensiyanın qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır.

Kişineu şəhərində 21 aprel 2005-ci il tarixində hər biri Azərbaycan, moldav və rus dillərində iki əsl nüsxədə imzalanıb və bütün mətnlər eyni qüvvəyə malikdir.

Konvensiyanın müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, rus dilində olan mətndən istifadə ediləcəkdir.

              Azərbaycan Respublikasının                                                                      Moldova Respublikasının

                      Hökuməti adından                                                                         Hökuməti adından

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: