Qaydalar

Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi QAYDALARI

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin

2007-ci il 5 oktyabr tarixli

156 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

 

Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi

 QAYDALARI

 

 

1. Ümumi müddəa

1.1. Bu Qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının 1.23-cü, 1.26-cı, 1.31-ci və 1.34-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi yollarını tənzimləyir. 1.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin baytarlıq normalarının tələblərinə uyğunluğunun yoxlanılması və onlara baxış keçirilməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (bundan sonra - Dövlət Baytarlıq Xidməti) tərəfindən həyata keçirilir.

 

2. Heyvanlara, heyvan mənşəli məhsullara və xammala baytarlıq (baytarlıq-sanitariya) baxışının keçirilməsi

2.1. Dövlət baytarlıq nəzarətində olan heyvanlara, heyvan mənşəli məhsullara və xammala səlahiyyətli dövlət baytarlıq müfəttişi tərəfindən baytarlıq (baytarlıq- sanitariya) baxışının keçirilməsində əsas məqsəd baytarlıq (baytarlıq-sanitariya) normativlərinin tələblərinə riayət olunmasını, belə tələblərin pozulmasının qarşısının alınmasını və neqativ halların baş verməsinə imkan verilməməsini, habelə baytarlıq (baytarlıq-sanitariya) baxımından sağlam olan heyvanların, heyvan mənşəli məhsulların və xammalın dövriyyəyə buraxılmasını təmin etməkdən ibarətdir.

2.2. Baytarlıq (baytarlıq-sanitariya) baxışı heyvanların kliniki müayinəsinin (termometriya edilməsi, selikli qişaların rəngi, burun aynasının və tüklərin vəziyyəti, heyvanın xarici görünüşü və s.), heyvan mənşəli məhsulların və xammalın orqonoleptik və laborator müayinələrinin və dövlət baytarlıq nəzarətində olan yüklərə verilən baytarlıq sənədlərinin ekspertizasının aparılması yolu ilə həyata keçirilir.

2.3. Heyvanlara, heyvan mənşəli məhsullara və xammala baytarlıq (baytarlıq- sanitariya) baxışı müvafiq olaraq baytarlıq, baytarlıq-sanitariya ekspertizası laboratoriyalarında, nəqliyyata baytarlıq (baytarlıq-sanitariya) nəzarəti və sərhəd baytarlıq nəzarəti məntəqələrində həyata keçirilir.

2.4. Dövlət baytarlıq nəzarətində olan yüklərin tranziti zamanı yük daşıyandan beynəlxalq baytarlıq sertifikatı tələb edilməklə, plomblanmış nəqliyyat vasitələri və ya konteynerlər ilə daşınma halları istisna olmaqla, heyvanlara baytarlıq (baytarlıq- sanitariya) baxışı keçirilir.

2.5. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər dövlət baytarlıq nəzarətində olan yüklərə baxış keçirilməsi zamanı baytar mütəxəssislərinə lazımi şərait yaratmalı və köməklik göstərməli, heyvanları və onlardan alınan məhsulları baytarlıq (baytarlıq-sanitariya) baxışından keçirmək üçün səlahiyyətli dövlət baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etməlidirlər.

2.6. Dövlət baytarlıq nəzarətində olan yüklərə baytarlıq baxışı həmin yüklərin dövriyyəsi zamanı hüquqi və fiziki şəxslər tərəfindən müraciət edildikdə, dövlət baytarlıq orqanının tədbirlər planında nəzərdə tutulmuş vaxtlarda və ərazidə epizootiya baş verərsə həmin yüklərə baxış üçün zərurət yarandığı hallarda həyata keçirilir.

 

3. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi, həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın normativ texniki sənədlərinin və baytarlıq normativlərinin tələblərinə uyğunluğunun müəyyən edilməsi

3.1. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində dövlət baytarlıq nəzarəti - baytarlıq qanunvericiliyinin icra edilməsi və heyvan, heyvan mənşəli məhsul və xammalın normativ texniki sənədlərinin və baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə Dövlət Baytarlıq Xidməti tərəfindən həyata keçirilən hüquqi, iqtisadi və təşkilati tədbirlərin məcmusudur.

3.2. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq (baytarlıq-sanitariya) vəziyyəti səlahiyyətli baytarlıq müfəttişi tərəfindən qiymətləndirilməli və onlara mütəmadi olaraq dövlət baytarlıq nəzarəti həyata keçirilməlidir (obyektin girişində dezinfeksiya səddinin, sanitar buraxılış məntəqəsinin olub-olmaması, profilaktik tədbirlərin epizootik plana uyğun aparılması, emal müəssisələrində sanitariya tələblərinə və standartlara əməl edilməsi və s.).

3.3. Dövlət baytarlıq nəzarəti çərçivəsində heyvanların, heyvan mənşəli məhsulların və xammalın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onlara verilən baytarlıq sənədlərinin düzgün olması, belə yüklərdə insan və heyvanların sağlamlığı üçün təhlükəli olan xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması, xəstəliklərə görə sağlam olmasının müvafiq laborator müayinələrlə yoxlanılması, heyvan mənşəli məhsullar və xammalın baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməsi dövlət baytarlıq müfəttişi tərəfindən yoxlanılmalıdır.

3.4. Yoluxucu xəstəliklərə görə xəstə və xəstəliyə şübhəli heyvanların, eyni zamanda ölüm təhlükəsi olan heyvanların (ağır zədələr, sınıqlar, yanma və s.) baytarlıq normativlərinin tələblərinə cavab verdiyi halda səlahiyyətli dövlət baytarlıq müfəttişi tərəfindən onların kəsilməsinə icazə verilə bilər.

3.5. Dövlət baytarlıq nəzarətində olan yüklər bazara daxil olduqda, onların sahibləri yükün çıxdığı ərazinin baytarlıq xidməti tərəfindən həmin yükə baxış keçirildiyini, onun yoluxucu xəstəliklərə görə sağlam olmasını təsdiqləyən və etibarlılığı 3 gündən çox olmayan müvafiq baytarlıq sənədini bazarın dövlət baytarlıq müfəttişinə təqdim etməlidirlər.

3.6. Heyvan mənşəli məhsulları bazarlara satış məqsədi ilə gətirən hüquqi və fiziki şəxslərdə həmin məhsulun sağlamlığına dair müvafiq baytarlıq sənədləri olmadıqda, habelə baş və daxili orqanlar cəmdəklə birgə gətirilmədikdə, həmin məhsullar bazarın dövlət baytarlıq müfəttişi tərəfindən xəstəliklərə görə şübhəli sayılır və məhsuldan müvafiq qaydada nümunə götürülərək müayinə olunması üçün müvafiq baytarlıq laboratoriyasına göndərilir və müayinənin nəticəsi bilinənə kimi həmin məhsul müvəqqəti saxlanca qoyulur. Laboratoriyaya göndərilmiş şübhəli məhsul müvafiq testlərdən keçirilərək onun sağlamlığı müəyyən edildikdən sonra məhsulun sahibinə və həmin məhsulu müayinəyə göndərən dövlət baytarlıq müfəttişinə həmin məhsulun satışına icazə verən və ya məhsulun zərərsizləşdirilməsi, məhv edilməsi barədə göstəriş sənədi verilir.

3.7. Heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, emalı və satışı baytarlıq müfəttişlərinin bilavasitə nəzarəti altında həyata keçirilməli, həmin məhsullar və xammal müvafiq standartlara cavab verməli, hər bir partiya məhsul və xammal baytarlıq normalarının tələbləri baxımından qiymətləndirilməli, sağlamlığını əks etdirən və istifadəyə yararlı olmasına dair baytarlıq laboratoriyasının müsbət rəyi olmalıdır. Baytarlıq (baytarlıq-sanitariya) baxışından keçirilməyən, baytarlıq normativlərinin tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verilmir.

3.8. Heyvan mənşəli xammalın tədarükünə, saxlanmasına, emalına və satışına ərazinin dövlət baytarlıq orqanı tərəfindən dövlət baytarlıq nəzarəti həyata keçirilməli, belə xammalın yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardan, yaşayış məntəqələrindən tədarük edildiyi barədə müvafiq baytarlıq sənədi olmalıdır.

3.9. Heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün həmin müəssisədə baytarlıq istehsalat-nəzarət bölmələrini yaratmalı, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün lazım olan şəraiti yaratmağa borcludur.

3.10. Baytarlıq normativlərinə əməl edilməsi baytarlıq sahəsində fəaliyyət göstərən, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.

 

4. Dövlət baytarlıq nəzarətində olan yüklərə verilən baytarlıq sənədlərinin həmin yüklərə uyğunluğunun yoxlanılması

4.1. Dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğun olması qaydalarına əməl edilməsi ölkə ərazisində belə yüklərin istehsalı, tədarükü, emalı, saxlanması, satışı və idxal-ixracı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin borcudur.

4.2. Dövlət baytarlıq nəzarətində olan yüklərin tədarükünü, saxlanmasını, idxal və ixracını həyata keçirən hüquqi və fiziki şəxslərin həmin yüklərin çıxdığı ərazinin baytarlıq (baytarlıq-sanitariya) vəziyyəti barədə ərazi dövlət baytarlıq orqanından aldıqları müvafiq müşayətedici baytarlıq sənədləri və bu sənədlərin həmin yüklərə uyğunluğu bu işlərə dövlət baytarlıq nəzarətini həyata keçirən dövlət baytarlıq müfəttişləri tərəfindən araşdırılmalıdır.

4.3. Azərbaycan Respublikasına idxal edilən dövlət baytarlıq nəzarətində olan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı onlara ayrı-ayrılıqda verilən beynəlxalq baytarlıq sertifikatları və digər baytarlıq sənədləri dövlət sərhəd baytarlıq nəzarəti məntəqələrində baytarlıq baxışından keçirilməli, onların Beynəlxalq Epizootik Büronun müvafiq normalarının tələblərinə uyğunluğu məntəqənin baytar mütəxəssisləri tərəfindən yoxlanılmalıdır.

4.4. Dövlət baytarlıq müfəttişi dövlət baytarlıq nəzarətində olan yüklərə baxış keçirərkən, onların təhlükəli xəstəliklərdən hər hansı birinə görə xəstə və ya onun törədicisi ilə yoluxmuş olmasını, habelə müvafiq baytarlıq sənədlərinin düzgün tərtib edilməməsini müəyyən edərsə, həmin yükün ölkə ərazisində dövriyyəsini, habelə idxalını, ixracını və ya tranzitini müvəqqəti qadağan edə bilər. Yoluxucu xəstəliyin diaqnozu təsdiq edildikdən sonra həmin yüklərin realizasiyası haqda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq qərar verə bilər.

 

5. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem əlavələrinin baytarlıq normalarının tələblərinə uyğunluğunun müəyyən edilməsi və onların tətbiqinə icazə verilməsi

5.1. Ölkə ərazisində istehsal olunan və tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem əlavələri baytarlıq normativlərinin tələblərinə cavab verməli, dövlət baytarlıq nəzarətində saxlanmalı və bütün istehsal sənədləri baytarlıq baxışından keçirilməlidir.

5.2. Dövlət Baytarlıq Xidməti tərəfindən ölkə ərazisində istehsal edilən və ya ölkəyə idxal olunan və tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarının, yem və yem əlavələrinin müşayiətedici sənədlərinin, onlara verilən baytarlıq sertifikatlarının həmin yüklərə uyğunluğu yoxlanılmalı, yüklərin sağlamlığının, keyfiyyətinin, zərərsizliyinin, heyvan orqanizmində heç bir fəsad törətmədiyinin aydınlaşdırılması məqsədi ilə həmin yüklərin Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi-Nəzarət İnstitutu tərəfindən sınaqdan keçirilməsi və qeydiyyata alınması barədə verilən sənədləri araşdırılmalıdır.

5.3. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatları, yem və yem əlavələri hazırlanma texnologiyasından və mənşəyindən asılı olaraq, onların patogen mikroblarla yoluxma ehtimalı nəzərə alınaraq, istehsal olunduğu ərazinin sağlamlığını əks etdirən baytarlıq sənədləri səlahiyyətli dövlət baytarlıq orqanının dövlət baytarlıq müfəttişi tərəfindən ciddi qaydada baytarlıq baxışından keçirilməlidir.

5.4. Tərkibində heyvanların boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən antibiotiklər, hormonlar və bioloji stimulyatorlar olan baytarlıq preparatlarının, yem və yem əlavələrinin tətbiqinə yalnız onlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 aprel 2007-ci il tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında baytarlıq preparatlarının sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması, istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi, habelə yeni baytarlıq preparatlarının, avadanlıqlarının və yem əlavələrinin istehsalına və tətbiqinə dair normativ-texniki sənədlərin təsdiq edilməsi və aprobasiyasına dair rəy verilməsi Qaydaları»na uyğun olaraq sınaqdan keçirildikdən və dövlət qeydiyyatına alındıqdan sonra icazə verilir.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: