BAYTARLIQ KLİNİKASI

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində yaradılan bu tibbi müəssisə nəinki Bakının, eləcə də Cənubi Qafqazın ilk böyük və müasir klinikasıdır. Klinikanın qapısından içəri daxil olduğun andan artıq sadiq dostunun əmin əllərdə olacağı qənaətinə gəlirsən.
1000 kvadratmetr sahəni əhatə edən klinikada özəl baytar, feldşer, laborantlardan ibarət 20-yə yaxın əməkdaş çalışır. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova bildirib ki, klinikada qəbul, karantin, stasionar, terapiya, toksikologiya, dermotologiya, oftalmologiya, cərrahiyyə, USM, rentgen, biokimya laboratoriyası, eləcə də ilkin baytarlıq yardımı avtomobili vasitəsilə xidmətlər göstərilir:

“Heyvanların müayinəsi girişdə aparılır. Onların ağırlıq dərəcəsinə uyğun olaraq şöbələrə bölünür. Dekabrın 28-də olan rəsmi açılışdan öncə 2 həftə sınaq keçirdik. O zamandan bəri 50-yə yaxın sahibli, sahibsiz heyvana yardım edilib. Sahibsiz heyvanlar əməliyyat edildikdən və sağaldıqdan sonra buraxılıb. Lakin onlar elə burada institutun həyətində qalırlar. Bizə əsasən itlər, pişiklər, və digər ev heyvanları gətirilir. Lakin təsərrüfatlardan da xırda buynuzlu heyvanlar üçün çağırışlar da ola bilər. O zaman əməkdaşlarımız gedib, yerindəcə heyvanı müayinə edirlər”.

Klinikaya bu günə qədər əsasən sınıq, açıq yaralı heyvanlar gətirilib. İnfeksion xəstəliyə yoluxmuş pişiklərimiz də olmuşdu, bir həftəyə sağalıb getdilər. İlk günlərdə isə Salyandan pişik gətirilmişdi. Sahibi onun üçün çox narahat idi. 2 həftə burada qaldı, hər gün sahibi zəng edib pişiyini canlı görmək istəyirdi. Eyni zamanda ağır vəziyyətdə olan bir iti də sağaltmışıq. Deyəsən, maşın vurmuşdu və sahibi müalicə etmək istəməyib, çölə atmışdı. Onu başqa adam gətirmişdi. Bütün müalicəsi boyunca yanında oldu. Sağalandan sonra isə həmin gətirən adam apardı.

İnsanlarımızın heyvan sevgisi çox gözəldir. Gənclərimiz yaralı, sahibsiz heyvanları qutuya qoyub gətirir və onlar üçün göz yaşları tökürlər ki, sağaldaq”.

Klinika rəhbəri deyir ki, sahibsiz heyvanları müalicə etdikdən sonra onları gətirən şəxslərlə əlaqə saxlamaq mümkün olmur. Heyvanları çölə də buraxa bilmirlər:

- Sahibsiz heyanlar gətirilir, müalicə olunur, sonra onları gətirəni tapa bilmirik ki, verək. Ona görə düşünmüşük ki, heyvanı gətirənlərin nömrəsini alaq ki, sağaldıqdan sonra gəlib götürsünlər. Çünki bura sığınacaq deyil ki, heyvanları saxlayaq. Stasionarda müalicə üçün müəyyən müddət qala bilərlər. Hazırda sahibsiz 3 amputasiya olunmuş pişik var ki, onlar çölə buraxılmır”.

Klinikaya heyvanları təkcə müalicəyə gətirmək lazım deyil. Burada sadiq dostlarımızın gözəlliyinin də qeydinə qalırlar. Onların çimizdirilib qurulanması, tüklərinin daranması və qırxılması üçün də xüsusi otaq var. İşi isə peşəkarlar görür. Yəni heyvanlarımızı tamamilə onlara əmanət edə bilərik. 20-25 manata klinikada heyvanlarınızı gözəlləşdirə bilərsiniz.

Klinikanın əməliyyat otağı isə müasir xəstəxanalardan elə də seçilmir. Heyvanın əməliyyata hazırlanması, narkoz verilməsi, avadanlıqların strelizasiyası və digər prosedurlar üçün hər şey var.

“Belə cərrahi kabinet heç bir klinikada yoxdur. Əməliyyat otağı ilə yanaşı, reanimasiya otağımız var ki, burada heyvanlar daim nəzarətdə saxlanılır. İlkin yardım üçün hər bir şəraitimiz var. Bunlar dövlət hesabına alınıb. Lakin biz bu klinikanı dövriyyəyə salmalıyıq ki, artıq klinika özü-özünü maliyyələşdirməlidir.

Klinikanın nəzdindəki laboratoriyalarda isə heyvanların qan və sidik analizləri götürülür. Qanın immunoloji və biokimyəvi analizləri olur. Qan anaizləri 35-40 manat arasında dəyişir”.

S.Rüstəmova bildirib ki, yeni fəaliyyətə başladığı üçün klinikaya müraciət o qədər də deyil. Lakin o, əmindir ki, qısa zamanda bura müraciət edənlərin sayı artacaq.
“Bizdə bütün avadanlıqlar var. Hər hansı baytarlıq klinikasına daxil olanda arxa tərəfdə bir stol qoyulub, orada heyvan müayinə edilir. Nəyisə dəqiqləşdirmək lazım olanda səni başqa yerə göndərirlər. Burada isə belə deyil. Qapıdan içəri girən andan artıq heyvanın bütün müayinələri üçün avadanlıqlar var.

Klinikamızda eyni zamanda peşə artırma kurslarımız da olacaq. Türkiyə və Rusiyadan ekspertlərimiz dəvət olunacaq və dərs deyəcəklər. Eyni zamanda Aqrar Universitetlərlə də əməkdaşlıq müqaviləsi imzalamışıq”.

Klinikada ev heyvanlarının peyvəndlənməsi də aparılır. Amma onların klinikaya girişi fərqli qapıdandır. Bu da sağlam ev heyvanlarının digərləri ilə yanaşı olmaması üçün edilir. Peyvəndlərin də ödənişi 15,20 və 30 manatdan başlayır.

Klinikanın gənc cərrahı Hacı Axundzadə indiyə qədər 15 heyvanı əməliyyat etdiyini deyib.

“Əsasən amputasiya, qısırlaşdırma və bir bağırsaq keçməzliyi əməliyyatlarımız olub”.

 

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: