Tərcümeyi hal
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent
Sialə İsmayıl qızı Rüstəmova
Sialə İsmayıl qızı Rüstəmova 9 avqust 1965-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 1982-ci ildə Gəncə şəhəri 4 nömrəli orta məktəbi, 1988-ci ildə S.Ağamalıoğlu adına “Şərəf Nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
İş fəaliyyətinə1989-cu ilin yanvar ayından Azərbaycan Biolojı Kombinatında baytar həkim vəzifəsindən başlamışdır.
О, işlədiyi müddət ərzində öz ixtisas səviyyəsini artırmaq və elmi axtarışlar üzrə böyüк əməк və səyləri sayəsində baytar həkim vəzifəsindən mikrobioloq, dövlət nəzarətçisi və 1994-cü ilin dekabr ayından Bioloji Kombinatının direktoru vəzifəsinə təyin edilmişdir.
S.Rüstəmovanın rəhbərliyi altında biokombinatda pasterelyoz, qarayara prisipitəedici, paratif əleyhinə hiperimmun serumlar və quduzluq, pasterelyoz xəstəlikləri əleyhinə vaksin istehsal olunmuşdu.
Sialə Rüstəmovanın iş təcrübəsi və idarəçilik üslubu nəzərə alınaraq, 2009-cu ilin sentyabr ayında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktor vəzivəsinə təyin edilmiş və 2010-cu ilin aprel ayından 2015-ci ilin sentyabr ayina kimi Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsində çalışmışdır.
Sialə Rüstəmova işlədiyi müddətdə özünü işgüzar, dövlət maraqları çərçivəsində tutduğu vəzifəsini yüкsəк səviyyədə yerinə yetirən, özünə qarşı tələbкar, qayğıkeş rəhbər кimi göstərmişdir.
Sialə Rüstəmova baytarlıq işçiləri arasında nüfuzlu mütəxəssisdir. O, müstəqil respublikamızın baytarlıq sisteminin inkişafında, onun milli baytarlıq siyasətinin formalaşmasında üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. 2010-cu ildə onun rəhbərliyi altında Milli baytarlıq qanunvericiliyi nəşr edilmişdir. 5 il müddətində Ümümdunya Heyvan Sağlamlığı Təşkilatında (OİE) Azərbaycan dövlətinin nümayəndəsi olaraq, ölkəni yüksək səviyyədə təmsil etmişdir. 2015-ci ildə seçki yolu ilə Ümümdunya Heyvan Sağlamlığı Təşkilatının Avropa dövlətləri üzrə Subreqional Komissiyasının vitse-prezidenti seçilmişdir.
Sialə Rüstəmova Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi işlədiyi dövrdə ölkənin epizootik durumunda vacib hesab edilən heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı profilaktiki tədbirlərin yüksək səviyyədə təşkilində, epizootik sabitliyin qorunmasında zəhməti və fəaliyyəti olmuşdur.
O, 2015-2016 ci illərdə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.
Sialə Rüstəmovanın elmə bağlılığı 2013-cü ildə Ukraynanın Lvov Baytarlıq Təbabəti və Biotexnoloqiya Milli Universitetinin doktoranturasına qəbul olunmasına səbəb olmuş və 2016-ci ildə parazitologiya ixtisası üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, Baytarlıq elmləri fəlsəfə doktoru elmi dərəcəsi diplomu almışdır. (№036311).
S.Rüstəmova ümumi dünyagörüşünü və ixtisası üzrə biliк səviyyəsini artırmaq üçün öz üzərində müntəzəm оlaraq işləyir. O, savadlı və bacarıqlı tədqiqatçı-parazitoloq olmaqla bərabər, həm də biolojı preparatların istehsalı sahəsində geniş təcrübə və biliyə malikdir.
Belə ki, Ukraynada dissertasiya tədqiqatları aparılan zaman yeni antihelmint-"Brovatriol" (təsiredici maddə Albendazol, Triclabendazole, Praziquantel) preparatının təsisçisi kimi (patent №102104) təsdiq edilmişdir. Geniş təsiredici spektrli fassiolyoza, moniyezioza, diktiokaulyoza və həzm traktının stronqilyatozuna qarşı mübarizədə elmə yenilik etmişdir.
Sialə Rüstəmova 2 kitabın, 2 metodiki təlimatın, 3 tövsiyənin, 2 patentin, Respublikamızda və xaricdə nəşr olunmuş 45 elmi məqalənin müəllifidir.
1996-cı ildən YAP-ın üzvüdür.
Ailəlidir, üç övladı var.