ELMİ ŞURANIN İŞİ
Elmi Şuranın işinin təşkili və idarə olunması
İnstitutda direktordan (Elmi Şuranın sədri), direktorun müavinlərindən, elmi katibdən, institutun funksional fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərlərindən, alimlərdən və mütəxəssislərdən ibarət Elmi Şura yaradılır;
İnstitutun ali idarəetmə orqanı onun Elmi Şurasıdır;
Elmi Şuranın üzvlərinin sayı, tərkibi və əsasnaməsi institutun direktoru tərəfindən təsdiq edilir;
Elmi Şuranın tərkibinə üzvlər gizli və ya açıq səsvermə yolu ilə seçilir. Elmi Şura, onun tərkibi Nazirliyin Aqrar Elm və İnnovasiya Mərkəzinin Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli hesab edilir və Elmi Şuranın ilk iclası bir ay müddətində keçirilir;
Elmi Şura iclaslarının dövrü olaraq keçirilməsi, davam etmə müddəti və qaydaları hazırkı əsasnamə və Elmi Şuranın qərarları ilə müəyyən edilir;
Elmi Şuranın növbədənkənar iclasları Elmi Şuranın sədri, onun müavini və ya Elmi Şura üzvlərinin yarıdan çoxunun tələbi ilə çağrıla bilər;
Elmi Şuranın iclası təsdiq edilmiş Şura üzvlərinin elmi katib tərəfindən iştiraketmə vərəqində qeydiyyatın aparılması ilə başlayır;
Elmi Şura üzvləri Şura iclasının gündəliyinə daxil ediləcək məsələlər barədə əvvəlcədən məlumatlandırılır, materiallara baxılmaq üçün onlara təqdim edilir;
Elmi Şuranın iclası onun üzvlərinin ən azı üçdə iki hissəsi iştirak etdikdə (yetərsay olduqda) keçirilir. Elmi Şurada müzakirə olunan məsələlər barədə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir;
Nizamnaməyə dəyişikliklər Elmi Şuranın iclasında iştirak edən üzvlərinin üçdə iki hissəsi səs verdikdə qəbul edilir;
Elmi Şuranın hər bir üzvü bir səsə malikdir. Səsvermə gizli və ya açıq keçirilə bilər;
Elmi Şurada müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilir;
Elmi Şuranın qərarları institutun direktoru tərəfindən imzalanır və institutun möhürü ilə təsdiqləyir.
Elmi Şuranın əsas fəaliyyət istiqamətləri üzrə Elmi Şuranın üzvlərindən ibarət işçi komissiyası formalaşa bilər, tərkibi və iş qaydaları iclasda təsdiqlənir. Elmi Şuranın işçi komissiyasının üzvləri iclas üçün materilların hazırlanmasında iştirak edir, şuranın sədri üçün məruzə hazırlayır, layihə qərarlarını formalaşdırır, qəbul edilmiş qərarların icrasına nəzarət edilməsində iştirak edir;
Elmi Şuranın iclaslarında qaldırılan məsələlərin həlli Elmi Şuranın iş planı əsasında həyata keçirilir;
Elmi Şuraya təqdim edilən materiallar müəyyən edilmiş qaydalara uyğun gəlmədiyi halda yenidən işlənmək üçün qaytarılır və Elmi Şuranın növbəti iclaslarında baxılması üçün təxirə salınır;
Elmi Şuranın iclası iş planına uyğun olaraq ayda bir dəfədən az olmayaraq şuranın sədri tərəfindən çağırılır. İclasın tarixi və gündəliyi Elmi Şuranın katibi tərəfindən bir həftədən gec olmayaraq elan edilir.