Qaydalar

Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması QAYDALARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının (bundan sonra - ev heyvanları) saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir.

1.2. Ev heyvanları saxlayan şəxslər (bundan sonra - şəxslər) ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar.

1.3. Ərazi baytarlıq idarələri, sanitar-epidemioloji, daxili işlər və yerli icra hakimiyyəti orqanları şəxslərin bu Qaydalara əməl etmələrinə nəzarəti həyata keçirirlər.

1.4. Şəxslərə məxsus ev heyvanlarının yoluxucu xəstəliklərə qarşı peyvəndlənmələrini, diaqnostik müayinələrini, digər baytarlıq-sanitariya tədbirlərini təşkil etmək məqsədi ilə onların ərazi baytarlıq idarələrində uçota alınmaları (identifikasiya olunması) insanların sağlamlığı və ərazinin epizootoloji sabitliyinin qorunması baxımından yerinə yetirilməsi vacib olan mühüm dövlət baytarlıq tədbiridir.

1.5. Ev heyvanlarının xarici ölkəyə aparılması ərazi baytarlıq idarəsinin baytarlıq şəhadətnaməsinin (sertifikatının) və müvafiq pasportun tərtib olunması ilə həyata keçirilir.

1.6. Ev heyvanlarının müayinəsi, müalicəsi yalnız baytar həkimləri tərəfindən həyata keçirilir.

 

2. Heyvanların saxlanması şərtləri

 

2.1. Baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.

2.2. Baytarlıq və sanitar-epidemioloji orqanların rəsmi razılığı əsasında "canlı təbiət" guşələrində, uşaq və yeniyetmə müəssisələrində, yay və qış idman-sağlamlıq ocaqlarında, sanatoriya-kurort müəssisələrində (istirahət evlərində, pansionatlarda və s.) ev heyvanlarını saxlamaq olar.

2.3. Şəhərdə və şəhərtipli qəsəbələrdə lazımi qaydada çəpərlənmiş və təcrid olunmuş ərazilərdə itlərin sərbəst gəzintisi təşkil edilə bilər.

2.4. Təşkilatlarda, idarələrdə, müəssisələrdə gözətçi itlər yalnız xüsusi yerlərdə saxlanmalıdır.

2.5. İri cins itlərin (senbernar, ovçarka, doq, boksyor, endelteryer, doberman-pinçer və s.) və digər heyvanların sahibləri mənzillərin, təşkilatların qapılarına it, yaxud vəhşi heyvan şəkilləri və "Təhlükəlidir" sözü yazılmış lövhələr vurmağa borcludurlar.

 

3. Ev heyvanı saxlayan şəxslərin hüquqları

 

3.1. Heyvan sahibi ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakı hüquqlara malikdir:

3.1.1. insanların sağlamlığının qorunması məqsədi ilə itləri ancaq kiçik cilovda, iri cins itləri isə cilovda və buruntaqda olmaqla ümumi məhəllələrdə və yaxud küçələrdə gəzdirmək;

3.1.2. itləri sürülərdə və naxırlarda, xüsusi təşkilatların operativ işlərində, ovda, təlim, məşq meydançalarında cilovsuz və buruntaqsız saxlamaq;

3.1.3. bu Qaydaların 3.1.1-ci yarımbəndinə riayət etməklə, ev heyvanlarını su, hava, dəmir yolu və avtomobil nəqliyyatında (şəhərlərarası avtobuslarda) aparmaq;

3.1.4. yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmış xüsusi meydançalarda itləri cilovsuz və buruntaqsız gəzdirmək;

3.1.5. sağlamlığını və mənşəyini təsdiq edən pasportu, baytarlıq şəhadətnaməsi, eləcə də müəssisənin müdiriyyətinin razılığı olduqda, ev heyvalarını mehmanxanada saxlamaq.

 

4. Məhdudiyyətlər

 

4.1. Heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır.

4.2. Ev heyvanı onun sağlamlığına zərər vura biləcək üsullarla təlim edilməməlidir.

4.3. Heç bir heyvan 18 yaşa çatmamış şəxsə, həmin şəxsin valideynlərinin və ya onu himayə edən şəxslərin yazılı razılığı olmadan satıla bilməz.

4.4. Ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakılar qadağandır:

4.4.1. insanın həyatı və sağlamlığı üçün təhlükəli olan vəhşi heyvanların, ilanların çoxmərtəbəli binaların mənzillərində və malikanə tipli evlərdə saxlanması;

4.4.2. ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması;

4.4.3. ev heyvanlarının ictimai iaşə müəssisələrində, ərzaq məhsullarının istehsal sahələrində və ticarət obyektlərində, bazarlarda, çimərliklərdə, habelə uşaq müəssisələrində saxlanması və gəzdirilməsi;

4.4.4. baytarlıq şəhadətnaməsi olmadıqda, yaxud şəhadətnamədə itlərin quduzluğa (digər xəstəliklərə) qarşı peyvənd olunması göstərilmədikdə, onların satılması və bağışlanması, nəqliyyat vasitələri ilə respublika daxilində bir yerdən başqa yerə aparılması;

4.4.5. şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması;

4.4.6. ərazinin baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsi;

4.4.7. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) ev heyvanlarının gəzdirilməsi;

4.4.8. ev heyvanlarının insanların üzərinə saldırılması;

4.4.9. yarış vaxtlarında və digər hallarda heyvanın sağlamlığı və rahatlığı üçün təhlükə yarada bilən təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsi;

4.4.10. qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılması.

4.5. Heyvanın faydası üçün qeyri-müalicəvi proses baytarlıq-sanitariya tibbi baxımından lazım olduqda, baytar həkiminin rəyinə əsasən aparıla bilər. Əməliyyat zamanı heyvan şiddətli ağrılar keçirməli olacaqsa, bu əməliyyatlar yalnız baytar həkimi tərəfindən (onun nəzarəti altında) anesteziya edilməklə həyata keçirilir. Tələb olunan əməliyyatlar müvafiq qanunvericiliyə uyğun olaraq səlahiyyətli şəxs tərəfindən edilə bilər.

4.6. Ev heyvanlarının ticarəti, damazlığı, kommersiya, yaxud digər məqsədlə sığınacaqlarda (heyvan mehmanxanasında) saxlanması üzrə məşğul olan hər bir hüquqi və fiziki şəxs bu fəaliyyətini səlahiyyətli icra hakimiyyəti orqanları ilə (Baytarlıq Xidməti, yerli icra hakimiyyəti, sanitar-epidemioloji orqanlar) müvafiq qaydada razılaşdırmalıdır.

 

5. Ev heyvanı saxlayan şəxslərin vəzifələri

 

5.1. Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir:

5.1.1. heyvana lazımi səviyyədə yem və su verməli;

5.1.2. heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməli;

5.1.3. Dövlət Baytarlıq Xidmətində qeydiyyatda olan baytarlıq klinikalarında, itçilik klubunda öz heyvanlarını ildə bir dəfə qeydiyyatdan keçirməli;

5.1.4. baytarlıq xidmətində ev heyvanlarını müayinədən keçirməli, quduzluğa qarşı müalicə-profilaktik tədbirlər həyata keçirməli;

5.1.5. lazım olmayan heyvanları sahibsiz heyvanları saxlayan müəssisəyə təhvil verməli;

5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün baytarlıq müəssisələrinə müraciət etməli;

5.1.7. ölmüş heyvanların cəsədlərini utilləşdirmək və basdırmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə təhvil verməli;

5.1.8. ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı.

5.2. Ev heyvanlarının sahibləri həmin heyvanlarla bir yerdən başqa bir yaşayış yerinə köçərkən, həmin yaşayış məntəqəsinin baytarlıq xidmətinə 5 gün müddətində məlumat verməlidir.

5.3. Ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir.

 

6. Heyvanlarla qəddar rəftara görə məsuliyyət

 

6.1. Heyvanlarla rəhmsizcəsinə davranaraq, onları şikəst və ya tələf edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar.

6.2. Küçələrdə, bazarlarda, bağçalarda, bulvarda, çimərliklərdə, nəqliyyat vasitələrində və digər ictimai yerlərdə sahibsiz itlər, pişiklər, hətta cins itlər (xaltalı, jetonlu, buruntaqlı) sahibsiz heyvanlar saxlayan müəssisələr tərəfindən götürülməlidir. "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının tələblərinə uyğun olaraq, ixtisaslı mütəxəssislərin nəzarəti altında xüsusi vasitələrlə sahibsiz ev heyvanlarının ovlanması təşkil olunur.

6.3. Sahibsiz heyvanları qəbul edən təşkilat 5 gün müddətində cins heyvanın kimə məxsus olması təsdiq edildikdə (qeydiyyat vəsiqəsi, baytarlıq şəhadətnaməsi və s.), heyvanın sağlamlığına dair baytar həkiminin verdiyi müsbət rəydən sonra onu sahibinə qaytarmalıdır.

6.4. Yoluxucu xəstəliklərə tutulmuş ev heyvanları (o cümlədən, sahibsiz heyvanlar) insan həyatı, yaxud ərazinin epizootoloji sabitliyi üçün təhlükə törətdikdə, baytar həkiminin rəyinə əsasən müəyyən edilmiş üsullarla öldürülərək məhv edilə bilər.

 

7. Heyvanların saxlanması qaydalarının pozulmasına görə məsuliyyət

 

7.1. Ev heyvanlarını saxlayan və ya ona baxmaq üçün razılıq verən hər bir şəxs həmin heyvanın sağlamlığına görə məsuliyyət daşıyır.

7.2. Heyvanı damazlıq üçün götürən hər bir şəxs onun nəslinin sağlamlığına zərər vura biləcək anatomik, fizioloji və davranış xüsusiyyətlərinin düzgün nəzərə alınması baxımından məsuliyyət daşıyır.

7.3. Ev heyvanlarının sahibləri, müəssisə və təşkilatın vəzifəli şəxsləri heyvanların saxlanması şərtlərini pozduqda, qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

 

8. Heyvanların saxlanması qaydalarına nəzarət

 

8.1. Şəhərdə, şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, sanitariya-epidemioloji və baytarlıq idarələri tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

8.1.1. yerli icra hakimiyyəti orqanları yaşayış sahələrində şəxslərin öhdəsində olan heyvanların (it, pişik və s.) baytarlıq qeydiyyatında olmasını nəzarətdə saxlayır;

8.1.2. daxili işlər orqanları müvafiq qanunvericilik aktlarına uyğun olaraq, heyvanların saxlanması haqqında qaydaları pozan şəxslər barədə tədbirlər görülməsi üçün ərazi baytarlıq idarələrinə məlumat verir;

8.1.3. baytarlıq idarələri hüquqi və fiziki şəxslərə məxsus heyvanların (it, pişik və s.) uçota alınmasını, onlarda təlimata uyğun olaraq peyvəndləmələri, diaqnostik müayinələri, digər baytarlıq-sanitariya tədbirlərini və insan həyatı üçün təhlükəli xəstəlikləri olan itlərin, digər heyvanların məhv edilməsində baytarlıq xidmətini təşkil edir, heyvanların saxlanması qaydalarını pozan şəxslər haqqında müraciət daxil olduqda, qanunvericiliyə əsasən müvafiq tədbirlər görür və sahibsiz heyvanların ovlanmasında dövlət baytarlıq nəzarətini təmin edir;

8.1.4. sanitar-epidemioloji orqanlar nəzarət etdikləri ərazi üzrə ev heyvanlarının saxlanması zamanı sanitariya-gigiyena norma və qaydalarının pozulmasına səbəb olan halların aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

 

9. Heyvan saxlamaq hüququndan məhrum etmə

 

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müvafiq qaydaları mütəmadi olaraq pozan və nöqsanların aradan qaldırılmasını təmin etməyən heyvan sahibləri haqqında dövlət sanitariya-epidemioloji və ərazi baytarlıq idarələrinin təqdimatına əsasən yerli icra hakimiyyəti orqanı həmin şəxsi ev heyvanı saxlamaq hüququndan məhrum etmək məqsədi ilə məhkəməyə müraciət edir.

 

10. Sahibsiz heyvanlarla mübarizə tədbirləri

 

10.1. Sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

10.2. Sahibsiz heyvanlar problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir.

10.3. Tutulan sahibsiz heyvanlar müvafiq sığınacaqlarda saxlanılmalıdır.

10.4. Ev heyvanlarının sayının planlaşdırılmamış artımı sterilləşdirilmə (axtalama) vasitəsilə azaldılmalıdır.

10.5. Heyvanlar quduzluğa, insan həyatı üçün təhlükəli olan digər xəstəliklərə tutulduqda və ya insanların həyat və sağlamlığı üçün təhlükə yaratdıqda məhv edilirlər.

10.6. Müxtəlif səbəblərdən ölmüş heyvanların cəsədlərinin məhv edilməsi baytarlıq nəzarətində olan heyvan qəbiristanlığında, yaxud mərkəzləşdirilmiş util zavodunda aparılır.

10.7. Ev heyvanlarının əzab çəkməsinə son qoymaq məqsədi ilə onlar məhv edilə bilərlər.

 

11. İnformasiya və maarifləndirmə

 

11.1. Yerli icra hakimiyyəti orqanı, Dövlət Baytarlıq Xidməti ev heyvanlarının saxlanması, damazlığı, təlimi, ticarəti və himayəsi ilə məşğul olan şəxsləri maarifləndirməli və onlarla müvafiq təbliğat işi aparmalıdırlar.

11.2. Maarifləndirmə proqramlarında aşağıdakılara diqqət yetirilməlidir:

11.2.1. ev heyvanlarının kommersiya və ya yarış məqsədi ilə təliminin bu sahədə bilik və bacarığa malik olan şəxslər tərəfindən aparılmasına;

11.2.2. ev heyvanlarının 18 yaşa çatmamış şəxslərə, onların valideynlərinin və ya valideyn öhdəliklərini icra edən şəxslərin razılığı olmadan hədiyyə kimi verilməsinə;

11.2.3. ev heyvanlarının mükafat və ya bonus kimi hədiyyə verilməsinin yolverilməzliyinə;

11.2.4. arzuolunmaz və sahibsiz heyvanların sayının artması riskinə gətirib çıxaran ev heyvanlarına məsuliyyətsiz sahibliyə.

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: