Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 16 aprel tarixli
66 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər başverdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fizikişəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi
Q A Y D A L A R I
1. Ümumi müddəalar
Bu qaydalar «Baytarlıq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 noyabr 2005-ci il tarixli 316 nömrəli Fərmanının 1.48, 1.49, 1.68 və 1.69-cu bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanaraq bir sıra karantin və insan və heyvanların sağlamlığı üçün təhlükəli olan xüsusi təhlükəli xəstəliklər baş verdikdə onların ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi qaydalarını tənzimləyir.
2. Karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısı
Ekzotik xəstəliklər - ölkə ərazisində təsadüf edilməyən xarici dövlətlərdən keçmiş xüsusi təhlükəli xəstəliklərdir.
Karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərə aşağıdakılar aiddir:
Vezikulyar stomatit
Donuzların vezikulyar xəstəliyi
İribuynuzlu heyvanların taunu
Xırdabuynuzlu heyvanların taunu
Dəvələrin taunu
İribuynuzlu heyvanların kontagioz plevropnevmoniyası
İribuynuzlu heyvanların yoluxucu düyünvari dermatiti;
Rift vadisinin isitməsi
Qoyunların kataral isitməsi
Atların afrika taunu
Donuzların afrika taunu
Quşların yüksək patogenli qrip xəstəliyi
İribuynuzlu heyvanların süngərvari ensefalopatiya xəstəliyi
Dabağın ekzotik tipləri
Ekzotik xəstəliklər - ölkə ərazisində təsadüf edilməyən, xarici dövlətlərdən keçmiş xüsusi təhlükəli xəstəliklərdir.
3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində dəymiş ziyanın əvəzinin hüquqi və fiziki şəxslərə ödənilməsi
3.1. Heyvanların və əhalinin sağlamlığı üçün bu Qaydaların 2-ci bölməsində nəzərdə tutulmuş xüsusi təhlükəli xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində dəymiş ziyanın əvəzinin (bundan sonra - kompensasiya) hüquqi və fiziki şəxslərə ödənilməsi dövlət büdcəsindən bu məqsəd üçün ayrılmış vəsait hesabına aparılır.
3.2. Hüquqi və fiziki şəxslər təsərrüfatlarında və həyatyanı sahələrdə olan heyvan və quşlarda xüsusi təhlükəli yoluxucu xəstəliklər aşkar etdikdə bu barədə müvafiq rayonda (şəhərdə) epizootiya əleyhinə yaradılmış fövqəladə komissiyaya (bundan sonra komissiya) müraciət edirlər.
3.3. Komissiya xəstəlik qeydə alınmış ərazilərdə məcburiyyət qarşısında məhv edilmiş heyvan və quşların (qapalı mühitdə saxlanılan quşlar istisna olmaqla) növlər üzrə baş sayını, onların dəyərini və ümumi məbləğini müəyyən edərək müvafiq qaydada akt tərtib edir (aktın forması əlavə olunur). Tərtib olunmuş akt komissiyanın bütün üzvləri tərəfindən imzalanır və möhürlənir.
3.4. Komissiya 10 gün müddətində (tərtib olunmuş aktı) ödəniləcək məbləği və hüquqi və fiziki şəxslərin siyahısını akt formasında müvafiq sənədlərlə birlikdə Kənd Təsərrüfatı Nazirliyinə göndərir. Kənd Təsərrüfatı Nazirliyi göndərilmiş ilkin sənədləri icmallaşdıraraq Maliyyə Nazirliyinə təqdim edir.
3.5. Maliyyə Nazirliyi komissiya tərəfindən təqdim edilmiş sənədlərə əsasən hüquqi və fiziki şəxslərə bu məqsəd üçün büdcədən ayrılmış vəsaitin müəyyən olunmuş qaydada bir ay müddətində müvafiq rayon (şəhər) yerli maliyyə orqanında fəaliyyət göstərən müvafiq xəzinə hesabına köçürülməsini təmin edir. Yerli maliyyə orqanı təqdim edilmiş sənədlərə əsasən müvafiq xəzinə hesabından müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərə nəzərdə tutulmuş kompensasiyanı bu şəxslər üçün banklarda açılmış hesablara köçürür və bu barədə 5 iş günündən gec olmayaraq yerli komissiyaya məlumat verir.
3.6. Hüquqi və fiziki şəxslərə veriləcək kompensasiya, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Nazirliyinə təklif verildiyi gündən iki ay müddətində ödənilməlidir.
3.7. Hüquqi və fiziki şəxslərə dəymiş ziyanın kompensasiyasının ödənilməsi üçün vəsaitlər hər il dövlət büdcəsində müvafiq xərc maddəsində nəzərdə tutulur və müvafiq ərazi üzrə orta bazar qiymətinə uyğun olaraq müəyyən olunmuş qaydada bu maddədən ödənilir.
3.8. Hüquqi və fiziki şəxs komissiyanın tərtib etdiyi aktla razılaşmadıqda, qanunvericiliklə müəyyən edilmiş qaydada şikayətlə məhkəmə orqanlarına müraciət edə bilər.
3.9. Bu Qaydaların 2-ci bölməsində göstərilən xüsusi təhlükəli yoluxucu xəstəlikdən heyvan və quşları məcburi məhv edilmiş fiziki və hüquqi şəxslərə baytarlıq - sanitariya tələblərinə riayət etmədikdə, qoruyucu sanitar-gigiyena tədbirlərini həyata keçirməkdə və bu Qaydaların 2-ci bölməsində göstərilən siyahıya daxil olmayan digər yoluxucu xəstəliklər baş verdikdə kompensasiya ödənilmir.
3.10. Bu Qaydaların icrasına görə vəzifəli şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
4. Karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını alarkən, əmlakından və ehtiyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi
4.1. Heyvanların yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, tədarükü və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslər bu Qaydaların 2-ci bölməsində göstərilən xəstəliklər baş verdiyi halda onun yerində ləğv edilməsi məqsədilə dəymiş ziyanın məbləği ödənilmək şərtilə əmlaklarından və ehtiyatlarından istifadə edilməsinə şərait yaratmağa borcludurlar.
4.2. Karantin tədbirlərinin aparılmasında hüquqi, fiziki və digər şəxslər kənardan cəlb edildikdə onların işlərinə görə, yəni işin həcminin və günlərin sayına görə ümumi ödəniləsi məbləğ müəyyən edilir və əvvəlcədən komissiya tərəfindən həmin işçi ilə müqavilə bağlanılır.
4.3. Bu qaydaların 2-ci bölməsində göstərilən xəstəliklərə yoluxmuş heyvanların, xəstəlik törədicisi ilə sirayətlənmiş heyvan mənşəli məhsulların və xammalın zərərsizləşdirilməsi üçün hüquqi və fiziki şəxslərə mənsub olan əmlak və ehtiyyatların miqdarı, həmçinin onun dəyəri Dövlət Komissiyası tərəfindən qəbul edilmiş müvafiq qərarla müəyyən edilir.
4.4. Qeyd olunan xəstəliklərin ləğvi üçün hüquqi və fiziki şəxslərə mənsub əmlak və ehtiyyatlardan istifadə edilməsi və yoluxma mənbəyində olan şərti sağlam heyvan və quşların zərərsizləşdirilməsi və məhv edilməsi zamanı dəyən ziyanın müəyyən edilməsi komissiya tərəfindən həyata keçirilir. Bu xəstəliklərin ləğvi üçün müqavilə əsasında köməkçi işçilərin qüvvəsindən də istifadə edilə bilər. Xəstəliyin ləğv edilməsinə kənardan cəlb edilən işçi qüvvəsinin, hüquqi və fiziki şəxslərə mənsub texnikanın, işlədilən yanacağın, elektirik enerjisinin, sürtkü materiallarının, habelə lazımi avadanlıqların, ləvazimatların, tövlələrin, meydançaların istifadə müddətindən asılı olaraq qiymətləri və ya amortizasiya xərcləri ümumi qaydaları rəhbər tutaraq mövcud olan bazar qiymətlərinə uyğun hesablanır.
4.5. Karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını alarkən, əmlakından və ehtiyyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi bu Qaydaların 3-cü bölməsinə uyğun həyata keçirilir.