İmişli rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirildi.
Özəl fermer təsərrüfatlarının ərazisində təşkil olunan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutları, ölkədə aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlər öz innovativ layihələrini fermerlərə nümayiş etdirdilər.
Festivalın keçirildiyi iqtisadi rayonun və ətraf bölgələrin fermerləri, məhsul istehsalçıları, aqroparkların nümayəndələri tərəfindən ziyarət olunan sərgi bölməsində kənd təsərrüfatı texnikaları, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, intensiv bağçılığa yararlı əkin materialları, in-vitro şəraitində yetişdirilən meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları innovativ suvarma texnikaları, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, yeni təşəkkül tapmış yem bitkiləri, kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqları, heyvandarlıq sahəsi üçün tibbi, sanitar avadanlıq və dərmanlar nümayiş olunub.
İmişlidə keçirilən Aqrar İnnovasiya Festivalında Baytarlıq Elmi-Tədqiqat İnstitutununda çap olunmuş yeni buklet və tövsiyyələr, iri və xırdabuynuzlu heyvanların müalicəsinə görə bukletlər, quş xəstəliklərinə, balıq və arı xəstəliklərinə aid bukletlər, “Forel balıqlarının furunulyoz xəstəliyinə qarşı yeni mübarizə tədbirləri”, “Qızılbalıqkimilərin akantosefayozuna qarşı yeni müalicə və profilaktikası”, “Xırdabuynuzluların ektoparazitlərinə qarşı innovativ profilaktika tədbirləri”, “Kənd təsərrüfatı heyvanlarında moniezioz”, “Kənd təsərrüfatı heyvanlarının mədə-bağırsaq nematodozlarının bioekoloji xüsusiyyətləri və onlara qarşı innovativ mübarizə tədbirləri” adlı tövsiyyələr, “Arı ailələrindən potoloji materialların laboratoriyaya göndərilmə qaydalarına dair” və “Arıların pestisidlərlə zəhərlənməsinin profilaktikasına dair” təlimatlar nümayiş etdirildi.
2018-ci ildən İnstitutumuzun maddi texniki bazası gücləndirilərək, onun əsasında 2-ci səviyyəli Biotəhlükəsizlik Laboratoriyası yaradılmışdır.
İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti nümayiş etdirildi.