Azərbaycanda yoluxucu xəstəliklərin profilaktikası problemi aktual olaraq qalmaqdadır. Görülən tədbirlərə baxmayaraq, həm böyük təsərrüfatlarda, həm də kiçik fermalarda brusellyoz, vərəm, pasterellyoz və bir çox digər yoluxucu xəstəliklərə tez-tez rast gəlinir. Epizootoloji vəziyyəti yaxşılaşdırmaq üçün yoluxucu xəstəliklərin infeksion prosesi inkişafını aydın dəqiq şəkildə anlamaq lazımdır. Bu məsələdə rasional epizootoloji təsnifat anlayışı baytar həkimə kömək edəcəkdir.
Rasional epizootoloji təsnifata görə, bütün yoluxucu xəstəliklər ekoloji cəhətdən faktoramilli və klassik növlərinə bölünür. Faktoramilli yoluxucu xəstəliklərin törədiciləri təbii olaraq dəri üzərində, açıq boşluqlarda, obliqat sahiblərinin orqan və toxumalarında yaşayırlar (obliqat sahib - parazitin təkamüllü və ekoloji cəhətdən uyğunlaşdığı heyvan növüdür) və patogenliyini yalnız həyat tərzini dəyişdirdikdən müəyyən amillərin təsiri altında göstərirlər. Klassik infeksion xəstəliklərin törədiciləri ilə yoluxmuş heyvanlar onlar üçün potensial sahiblərdirlər (potensial sahiblər-heyvanlardır, hansıların ki, orqanizmi bu və ya başqa parazitin yaşayış sahəsi ola bilər, amma lazımlı biosenotik əlaqələrin olmaması səbəbindən, bu rolu tam yerinə yetirə bilmir).
İndiki mərhələdə faktoramill yoluxucu xəstəliklər kimi təyin olunan brusellyoz, vərəm, leykos, nekrobakterioz və bir sıra digər xəstəliklərə qarşı mübarizə qeyri-standart yanaşma tələb edir. İlk baxışda, bütün kənd təsərrüfatı heyvanlarını keyfiyyətli vaksinlərlə peyvənd olunması problemin həlli kimi görünür. Lakin bu xəstəliklərin törədiciləri obligat sahibinin daxilində yaşaması ilə müşahidə olunur. Epizootologiyada bu hal gizli daşıyıcı kimi müəyyən edilir. Heyvanın immun sistemi bu cür xəstəliyin törədicisinin varlığına zəif reaksiya göstərir - təkamül prosesində patogen obligat sahibinin orqanizminə genetik şəkildə yaxınlaşır və bu vəziyyətdə peyvənd istənilən effekti vermir. Yalnız stresli bir vəziyyət yarandıqda -aşağı keyfiyyətli rasiyon,qulluq, doğuş zamanı, nəql olunma və s. sahib orqanizm və patogen arasında immun balans pozulduqda, xəstəliyin klinik əlamətləri özünü birüzə verir. Buna görə bu qrupdan olan xəstəliklərinin qarşısının alınması – profilaktikası, stresli vəziyyətlərin aradan qaldırılması və heyvanların - patogenin gizli daşıyıcılarının müəyyənləşdirilməsinə yönəldilməlidir. Faktoramilli infeksiyalar haqqında biliklərlə silahlanmış baytar həkimləri yerlərdə onlarla mübarizə üzrə profilaktik tədbirləri lazımi qaydada təşkil edərək, heyvanların saxlanması və xidməti üzrə fermerlərə mütləq göstəriş və tövsiyələr verməlidirlər.
Düzgün bəslənmə və baytar-sanitar qulluğun təşkil olunduğu zaman faktoramilli yoluxucu xəstəlik olan heyvanlarda nekrobakteriozunun yayılmasının minimuma endirilməsi hətta tamam qarşısının alınması bir nümunə kimi göstərmək olar .
Respublikada nekrobakterioz iribuynuzlu heyvanların arasında geniş yayılmışdır. Fusobacterium nekroforum (nekrobakteriozın törədicisi) gövşəyən heyvanların mədə-bağırsaq traktında yaşayan, adi halda, zərərsiz mikroorqanizmlərdir. Onları heyvanın sümük toxumalarını, əzələlərini və daxili orqanlarının ağır patologiyalarının törədicilərinə çevirən, orqanizimdə əsas kalsium mübadiləsinin pozulmasıdır. Nekrobakteriozun başlanğıc mexanizmi dərinin təbii keçirilməzliyi itirildikdən sonra baş verir. Belə bir hal heyvanların dərisində və dırnaqlarında mexaniki zədə alınması zamanı, həmçini orqanizimdə mineral və vitamin mübadiləsinin pozulmasında baş verir. Zədələnmiş dəri vasitəsilə enteral və dəriüstü mikrofloralar dərialtı toxumaların anaerob şəraitinə nüfuz edir. Əgər belə vəziyyətdə nekrobakteriozun törədicisi nekrotik bir proses əmələ gətirirsə, başqa bir patogen və ya şərti olaraq patogen mikrofloranın nümayəndələri müxtəlif abseslərə səbəb olurlar. Dərinin təbii keçirilməzliyi, yemdəki kalsium çatışmazlığı və ya onun sovrulmasına cavabdeh olan bağırsaq vəzlərinin funksiyasının pozulması fonunda baş verir. Gövşəyən heyvanların yem rasionunda qaba yemlərin və otun əvəzinə turş qida və konsentratlara üstünlük verildikdə, həmçinin gəzintidən məhrum edikdə belə hallar müşahidə olunur. Bu zaman bağırsağın interstisial hüceyrələrindəki D vitamininin hormonal formalarının yemdən kalsiumun qəbul edilməsində iştirak etməsinin qarşısını alır. Bu vəziyyətdə qan plazmasında kalsiumun səviyyəsi paratiroid hormonunun (qanda kalsium və fosfor səviyyəsini tənzimləyən paratiroid vəzləri tərəfindən ifraz olunan bir hormon) köməyi ilə sümüklərdən yuyulmaqla tənzimlənir.
Nekrobakteriozun epizootik prosesi patogenin xəstələrdən sağlam heyvanlara üfüqi zəncirli ötürülməsi ilə deyil, (klassik yoluxucu xəstəliklərdəki kimi), təbii keçiriciliyini itirmiş dəri vasitəsilə xarici mühitdən dərialtı toxumaların anaerob mühitinə daxil olması ilə əmələ gəlir. Dəri tərkibində kalsium səviyyəsinin azalması səbəbindən və onun qeyri-keçiriciliyi itirildikdə heyvan xəstələnir.
Dərinin keçirilməməzlik səviyyəsinin zəyifləməsinə bir çox amillərin təsiri var, misal üçün - boğaz inəklərdə embrionun formalaşması üçün ana orqanizminin çox miqdarda kalsiuma ehtiyacı olur, süd verən inəklərdə də bu patologiyaya hec də az meylli deyillər, çünki südün istehsalına çox miqdarda kalsium sərf edirlər. Cavan inkişaf edən heyvan orqanizminə çox miqdarda kalsium tələb olunur.
Mineral-vitamin metabolizmasının tənzimlənməsində də kalsitosin-hipokalsemik hormonu mühüm rol oynayır. Bu maddənin təsiri altında kalsium ionlarının sümük toxumasına keçməsi prosesi normallaşır. Kalsitosin-hipokalsemik hormonu paratiroid hormonuna əks təsir göstərərir .
Beləliklə, nekrobakteriozun qarşısının alınması üçün heyvanların qida rasionuna kalsiumla zəngin olan yemlər, mineral əlavələr, daxil etmək lazımdır. Nekrobakteriozun profilaktikası üçün heyvanların daimi masionu olmaqla,gəzinti yerləri, saxlandıqları fermalar, ərazilər mütəmmadi kəsici və travmatik əşyalardan təmizlənməlidir.
Vitamin-mineral maddələr mübadiləsinin pozulması yalnız balanssız qidalanma ilə deyil, həm də heyvanlarda nazik bağırsağın divarlarının qalınlığında yerləşən endokrin sekresiya vəzlərinin fəaliyyəti pozulması halında baş verir.
Normal rasion, gövşəyən heyvanların mədə-bağırsaq traktının vəziyyətinə uyğun olaraq tələb olunduqda, bu endokrin sekresiya vəzləri yemlərdən mineral və vitamin maddələrinin assimilyasiyası nəticəsində qanı və müvafiq orqanları kalsiumla təmin edir. Nazik bağırsağın xroniki seroz-kataral və kataral iltihabı vəziyyətində endokrin sekresiya vəzləri yemdən kalsiumu həzm etmir və ekskrementlərlə xaric olunur. Orqanizmnin bu vəziyyəti paratiroid vəzinin parathormonunu sintez etməsi və onun köməyi ilə dəridən, qığırdaqdan, oynaqlardan və sümüklərdən kalsiumu çıxarması və qan serumuna çatdırılmasıdır (normada kalsiumun səviyyəsi serumda 10 - 20 mq% arasında olmalıdır). Belə hal dərinin təbii keçilməzliyin itirilməsinə səbəb olur ki, bu da nekrobakteriozun, digər patogen və şərti patogen mikrofloranın dərialtı toxumaların anaerob şəraitinə nüfuz etməsinə imkan verir.
Beləliklə, gövşəyən heyvanlarda nazik bağırsağın xroniki seroz-kataral və kataral iltihabı nekrobakterioz xəstəliyinə səbəb ola bilər. Xəstəliyin qarşısını almaq və onun epizootik prosesini idarə etmək üçün, nazik bağırsağın iltihabının səbəblərinin qarşısını almaq lazımdır. Gövşəyən heyvanların dörd kameralı mədəsi çox miqdarda qaba yemin həzmi üçün nəzərdə tutulmuşdur. Belə yemlər yalnız heyvanlar üçün qida maddələri deyil, həm də mineral maddələrin qəbulunu təmin edən endokrin sekresiya vəzlərinin stimullaşdırıcısıdır.
Gövşəyən heyvanların rasionunda qaba yemin az miqdarda olması, onların konsentrat və turş yemlərlə əvəz edilməsi nazik bağırsağın xroniki seroz-kataral və kataral iltihabına səbəb olur. Bu cür iltihabın əsas əlaməti, mədəciklərin atoniyası ilə müşayiət olunan, çeynəmə qabiliyyətinin zəifləməsi hətta itirilməsidir. Bu da dolayı olaraq dərinin təbii keçilməzliyinin itirilməsini göstərir və nəticədə nekrobakterioz xəstəliyinə meyl yaradır.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, nekrobakteriozun qarşısının alınması tədbirlərindən biri gövşəyən heyvanlara proteinlə zəngin olan, kifayətli qaba yem vermək lasımdı və çox miqdarda konsentrat və turş yemlərdən imtina edilməlidir.
Ətraf mühitdə patogeninin geniş yayılmasına baxmayaraq, düzgün rasion və masion, mədə-bağırsaq traktının normal fəaliyyəti, mədə-bağırsağının vəziyyəti, aşağı ətraf oynaqları səthin sağlamlığı, müntəzəm İBH-rın qanlarının biokimyəvi müayinələri peşəkar şəkildə aparılması, heyvanlarda nekrobakterioz xəstəliyinin vaxtında qarşısının alınmasına və bu patologiyanı heyvandarlıqdan tamamilə kənarlaşdırmasına imkan verəcəkdir.
Nekrobakteriozun qarşısının alınması üçün onun epizootik prosesinin xüsusiyyətlərini bilmək və idarə etmək qabiliyyəti vacibdir. Kənd təsərrüfatına böyük ziyan vuran bu ağır yoluxucu xəstəlikin qarşısını almaq üçün, tədbirlər planı hazırlamaq lazımdır. Bu cür tədbirlər baytar həkimləri tərəfindən hazırlanmaldır, təlimatlar və tövsiyələr məcburi olmalıdır!
Nekrobakteriozun epizootik prosesinin mahiyyəti, səbəbi və təbii gedişatı düzgün analiz edilsə, xəstəliyin qarşısının alınmasında dərman preparatlarının istifadəsini istisna etməklə bu problemi uğurla həll etmək olar. Nekrobakteriozun spesifik profilaktikasına gəldikdə, bu xəstəlik üçün peyvəndlər aztəsirlidirlidilər, ona görə ki, heyvanların (xəstəliyin törədicisinin obligat sahiblərinin) immun sistemi patogenin genetik yadlığını müəyyənləşdirməkdə çətinlik çəkir. Belə çətinlik, fusobacterium necrophorum, həyati funksiyaları üçün xarakterik olmayan dərialtı toxuma anaerob şəraitinə nüfuz etdikdən sonra patogen xüsusiyyətlər ortaya çıxanda da baş verir.
Gövşəyən heyvanlarda Nekrobakterioz xəstəliyi müşahidə olunan təsərrüfatların baytar həkim və zootexniklərinin bu yoluxucu xəstəlik haqqında az məlumatın olmasının göstəricisidir. Fermada heyvanların nekrobakteriozla xəstələnməsi bir başa məhsuldar heyvanlara qidalanma, qulluq və saxlanma şəraitinin qeyri-qənaətbəxş olması ilə əlaqədardır.
Klassik infeksiyalara gəlincə, məsələn, qara yara və ya dabaq, onların törədiciləri heyvanların bədənində yaşamırlar, əksinə xarici mühitdən ona nüfuz edirlər. Kənardan yoluxur, heyvan xəstələnir, ölür və ya sağalır. Sağalma baş verdikdə, orqanizim müəyyən bir zamanda patogendən təmiz azad olur.
İnsan və ya heyvan orqanizmi klassik infeksiyaların törədiciləri üçün yaşayış şərtləri olmayan potensial sahibdir. Bu xəstəliklərdə profilaktik peyvənd çox vaxt təsirli olur və təhlükəli infeksiyaların qarşısını almağa kömək edir. Əsas şərt peyvəndin yüksək keyfiyyətli və ərazidə yayılmış yerli törədicinin antigen tərkibinə görə maksimum uyğun olmasıdır.
Nekrobakterioz xəstəliyi misalında bu nəticəyə gəlmək olar ki, faktoramill yoluxucu xəstliklərlə mübarizədə qeyriənənəvi tədbirlərin görülməsi tələb olunur, hansılar ki kassik infeksiyaların profilaktikasından fərqlənirlər. Hər bir faktoramilli xəstəliklə mübarizə individual, spesifik tədbirlər tələb edir!
Baytarlıq Elmi Tədqiqat İnstitutunun
direktor müavini
baytarlıq üzrə fəlsəfə doktoru İltifat Hacıyev