MEDİA

XƏBƏRLƏR

İnsan və mikroorqanizmlər

"Dünənki gün bugünkü günün müəllimidir" (Publius Syrus, qədim Roma şairi və filosofu). Bu ifadə, müasir zamanda bəşəriyyətin Сovid- 19 pandemiyası ilə qarşılaşdığı vaxtda, vəziyyəti başa düşmək üçün çox uyğundur. Bəşəriyyətin tarixi inkişafında buna oxşar pandemiyalar, müqayisə edilməz dərəcədə daha çox insanın həyatını alarak böyük ziyan vurmuşdur. Məsələn, 1348-ci ildə yayılmış taun xəstəliyi, təxminən 50 milyon insanın ölümünə səbəb olmuşdur. Bu dünya müharibələrində ölənlərdən daha çoxdur. Nəzərə almaq lazımdır ki, pandemiya zamanı yaşanan əziyyətlər və hətta həyat itkisi təkcə xəstəliklərdən deyil, aclıqdan, iqtisadiyyatın çökməsindən və sosial zərbələrdən də yaranmışdır. Rusiya imperiyasında 1830-1831-ci illərin vəba epidemiyası dövründə, təlaşlı çaxnaşmaya səbəb olmuş həyəcanlı izdiham polis idarələrini, hökumət xəstəxanalarını darmadağın etmiş, məmurlar, zabitlər öldürülmüşdür. İnsanların narazılığına səbəb, hökumətin hərəkətə qadağa qoyması, həkimlərin və vəzifəli şəxslərin adi insanları aldatması və zəhərlədikləri barədə şayiələr idi, əhalinin pandemiyaya inanmaması (hal-hazırdada koronavirusun yaratdığı pandemiyaya inanmayanlar var).

Yer üzündə həyatın inkişafı bir neçə milyard il ərzində baş vermiş, ilk canlılar isə birhüceyrəli orqanizmlər idi. Mikroorqanizmlərin təkamülü 3 milyard il əvvəl başlamışdır. İlk dövrdə,onlar həyatlarını təmin edən minimal sayda strukturlara sahib olmuşdular. Amma, təxminən 2 milyard il ərzində tədricən baş verən dəyişikliklər müasir, olduqca mürəkkəb formaların yaranmasına səbəb olmuşdur. Müqayisə üçün, ilk məməlilər yer üzündə təxminən 250 milyon il əvvəl yaranmış, insanın inkişaf tarixi isə cəmi 7-8 milyon il təşkil edir. Özünün bütün inkişaf dövrü ərzində məməlilər, heyvanlar aləminin digər nümayəndələri kimi mikroorqanizmlərlə qarşılaşmışdırlar. XX əsrin ikinci yarısından başlayaraq (antibiotiklərin ixtirasından sonra) sərbəst yaşayan və parazitar mikroorqanizmlərin təkamül inkişafında sürətlənmə qeyd olunur, yeni yoluxucu agentlər meydana çıxır, artıq məlum formaların mutasiyaları baş verir. Nəticədə, müasir dünyada, antibakterial, antivirus, dezinfeksiyaedici və müalicəvi dərmanlara davamlı mikroflora geniş yayılmışdır.
Heyvanlarda və insanda yaşayan mikroorqanizmlərin əksəriyyəti saprofitlərdir-onlar yaşayır, qidalanır, çoxalır, amma zərər vermir. Bunlardan bəziləri sahibin normal həyatı üçün lazımdır (sahib - içərisində mikroorqanizmlər olan bir orqanizmdir - parazit və ya simbiotik bir tərəfdaşdır, onları yemək və sığınacaqla təmin edir). Buna misal olaraq, qida emalında fəal iştirak edən insan və heyvanların həzm sistemindəki mikroorqanizmləri göstərmək olar. Qeyd etmək lazımdır ki, insan bədənində və üzərində yaşayan birhüceyrəli mikroorqanizmlərin sayı insan orqanizmini təşkil edən hüceyrələrdən daha çoxdur.
Təbiətinə görə mikroorqanizmlər çox müxtəlifdir. Onların arasında bir çox ciddi xəstəliklərin yaranmasına əsas səbəkar olanlarda da vardır. Bu (orqanizmin mürəkkəbləşməsi istiqamətində): prionlar, viruslar, bakteriyalar, göbələklər, protozoa və helmintlərdir. Bunlar müvafiq olaraq prion, viral, bakterial, göbələklər (mikozlar), protozoal infeksiyalar və helmint infeksiyalarının törədiciləridir.

Bakteriyalar

Bakteriyalar-prokaryotik (nüvəsi olmayan) mikroorqanizmlərin üstünlüyüdür, əksər hallarda birhüceyrəlidirlər. Bu günə qədər on minə yaxın növ bakteriya təsvir edilmişdir və təxmin edilir ki, onların sayı bir milyondan çoxdurlar.
Bakteriyalar yer üzündəki ilk həyat formalarından biridir, demək olar ki, hər yerində rast gəlinir. İlk bakteriyalar, ehtimal ki, 3.5 milyard il əvvəl ortaya çıxdmışdı və demək olar ki, bir milyard il boyu planetimizdə yeganə canlı varlıq kimi mövcüd olmuşdu. Bakteriya dünyasının pioneri, 17-ci əsrdə Hollandiyalı təbiətşünas Antoni Levenguk idi, o ilk dəfə cismləri 160 dəfə böyüdən mikroskop yaratmışdır.
Bakteriyalar çoxsaylı və müxtəlif orqanizmlərdir. Xarici görünüşün sadəliyinə baxmayaraq, bakteriya hüceyrəsi çox mürəkkəb bir orqanizmdir. Onlar xarici formalarına görə fərqlənirlər: sferik - kokklar (pneumococcus, stafilokok, streptokok), çubuq şəkilli (bağırsaq, Pseudomonas aeruginosa və s.), spiral şəkilli(spirochetes), basillər - hüceyrədaxili sporlar meydana gətirən qram-müsbət çubuq formalı bakteriyaların bir cinsidir.
Yer üzündəki bakteriyaların ümumi kütləsi, bəzi məlumatlara görə 500 milyard tondan çoxdur. İndi mövcud olan formada həyat bakteriyalar sayəsində mümkün olmuşdur. Onlar qida maddələrinin dövriyyəsində mühüm rol oynayırlar (yalnız bakteriyalar atmosfer azotunu protein sintezi üçün zəruri olan nitratlara utilizə edə bilr). Həmçinin, bakteriyalar heyvanların və bitkilərin qalıqlarını çürüdərək parçalayır.
Bakteriyalar arasında hərəkətli və hərəkətsiz formaları var. Mikroskop altında daha yaxşı görünmə üçün istifadə olunan boyaya olan reaksiyasından asılı olaraq, bakteriyalar ənənəvi olaraq qram-mənfi və qram-pozitivə bölünürlər (Danimarkalı bakteriolog Hans Christian Gram, bakteriyaların boyanması üçün bir metod hazırlamışdır). Müxtəlif bakteriya qruplarının, patoloji xüsusiyyətlərinə görə vacib xassələri vardır: bəziləri toksinlər (stafilokoklar, Escherichia coli) ifraz edir, bəziləri həyat üçün oksigen tələb edir, bəziləri polisaxaridlərdən sporlar (bir növ "qabıq") əmələ gətirə bilir və s.

Patogen bakteriyalar

İnsanın ən böyük narahatlığı həmişə əhalinin və heyvanların yoluxucu xəstəliklərinə səbəb olan mikroorqanizmlərlə bağlı olmuşdur. Yoluxucu xəstəliklərin diaqnozu mümkün olduqdan sonra onların patogenləri ilə mübarizə başlanmışdır, həm də yalnız karantin məhdudiyyətlərini özündə cəmləşdirən təşkilati üsullarla deyil, daha çox ölümcül, sayı daim artmaqda olan, dərmanların hesabına. Bura antibiotiklər, terapevtik serumlar, vaksinlər və s. aid etmək olar.
Əvvəlcə, xüsusən də antibiotiklərin yaranması ilə nailiyyətlərin olacağı gözlənilirdi. Ancaq bu gün belə bir müvəffəqiyyətin olmadığını etiraf etməliyik. Nailiyyətlərin əldə olunlduğu zaman, onlarla yanaşı daha ciddi problemlər ortaya çıxdı.
Bakterial, xüsusilə təhlükəli infeksiyalara qarşı mübarizənin daim güclənməsinə baxmayaraq, dünyada epizootik və epidemioloji vəziyyət gərgin olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, son illərdə dünyada "yeni" kateqoriyasına aid olan 70-dən çox gözlənilməz əsas yoluxucu xəstəliklər, yəni əvvəllər bilinməyən patogenlər səbəb olmuş və geri dönən, xəstələnmə halları kəskin şəkildə artmışdır. Sonuncuların yarıdan çoxu təhlükəli və xüsusilə təhlükəli antropozoonozlar: vəba, qara yara, tulyaremiya, rikettsiozlar, leptospiroz və s. Bu infeksiyaların bir çox patogenləri "A" və "B" kateqoriyalı kritik bioloji agentlərə aiddir. Bu qruplarda olan yoluxucu xəstəliklər, xüsusi təhlükəli xəstəliklər siyahısına daxildilər. Onlar bu göstəricilərlə xarakterizə olunurlar: - karantin tələb olunan xəstəlik adlandırırlar, kiçik inkubasiya dövrü, yüksək yayılma sürəti, ağır axını və ölüm nəticəsinin yüksək faizlı olması. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, "A" kateqoriyasına aid infeksion xəstəliklər qrupuna taun, ebola, vəba, çiçək xəstəliyi, bəzi növ qrip, sarı qızdırma və qara yara xəstəlikləri təyin edilmişdir. "B" kateqoriyasına - brusellyoz, Q qızdırması, Sap, vərəm və digərləri. Bu xəstəliklərin törədiciləri bioterrorizmin potensial agentləri hesab olunur.
Yuxarıda deyilənlər göstərir ki, xəstəliklərin törədiciləri, onların mövcudluq formaları, onların etioloji, patogenetik və epidemioloji rolu haqqında bizim keçmiş təsəvvürlərimiz natamam, birtərəfli idi və epidemiya (epizootik) və infeksion proseslərdə baş verən hadisələrin bütün mahiyyətini əks etdirmirdi.
İnfeksion xəstəliklərin yayılmasında insanın mikrob aləminə təsiri də böyük əhəmiyyət kəsb edir. Məsələn, antibiotiklərin geniş və düşüncəsiz istifadəsi nəticədə mikroorqanizmlərin terapiyaya yüksək dərəcədə müqavimətinə səbəb oldu. Digər tərəfdən, insanlar gələcəkdə mikroorqanizmlərə təsirlərini anlamaması nəticəsində, "təkrarlanan (qayıdan)" infeksiyalarla olan problemlərin ağırlaşmasına, artmasına səbəb ola bilir. Buna misal olaraq, peyvənd əleyhinə hərəkəti göstərmək olar. Nəzarətin azalması və hətta kütləvi peyvəndin dayandırılması bəzi ölkələrdə göy öskürək, difteriya və qızılca kimi xəstəliklərin yayılmasına səbəb oldu.
Bəşəriyyət öz tarixi inkişafında bakteriyaların yaratdığı viranedici epidemiya ilə üzləşmişdir. Orta əsrlərin dəhşətli xəstəliyi - "böyük və ya "qara ölüm" adlandırılan taun (törədicisi - Yersinia pestis) milyonlarla insanın həyatına son qoymuşdur. Ondan heç cür özünü xilas etvək münkün deyildi, xəstəlik Avropanı viran qoydu, insanların ürəyinə qorxu saldı. Avropa şəhərlərində bu günə qədər xristian simvolları ilə bəzədilmiş taun sütunları saxlanılır. Bu sütunlar, milyonlarla insanın həyatını dəhşətli xəstəlikdən-taundan qurtarmaq üçün, “böyük qüvvələrdən şəfaət istəmək” üçün qurulmuşdur.,
"Justinian taunu" Aralıq dənizinin demək olar ki, bütün ölkələrini viran qoydu. 532-ci ildən 580-ci ilə qədər Şərqi Roma İmperiyası əhalisinin yarısından çoxu - təxminən 100 milyon insan öldü.
Asiyada başlayan 1346–1348-ci illərin “Qara ölümü” Frakyanı, Makedoniyanı, Suriyanı, Misiri, müasir dövlətlərin ərazisini İtaliya, Yunanıstan, Fransa, İngiltərə, İspaniya, Almaniya, Polşa və Rusiyanı viran etdi. Cəmi XIV əsrdə 50 milyondan çox insan bu xəstəlikdən həyatını itirdi. 1892-ci ildə Hindistanda taun 6 milyondan çox insanın ölümünə səbəb olmuşdur.
Bakteriyalara aid olan digər bir ağır infeksiya - vəba. Hippokrat da vəba haqqında yazmışdı. 1883-cü ildə Robert Koch tərəfindən vəbanın törədicisi (Vibrio cholerae) təcrid olunmuşdur. XIX əsrə qədər xəstəlik Asiyanın cənubunda yayılmışdı. 1817-ci ildən davamlı pandemiya dalğaları başlamış, bu da hər hansı digər xəstəliklə müqayisədə XIX əsrdə ən çox insan ölümünə səbəb olmuşdur. Belə fərz olunur ki, pandemiyanın yaranması Benqaliyada qeyri-adi bir soyuq ilində "yaysız il" adlandırılan və 1816-cı ildəki anormal hava şəraitinin vəba xəstəliyinin patogeninin mutasiyası olması səbəb olmuşdur. Bu hadisə indiki İndoneziyada olan Tambora vulkanının püskürməsinin əks-sədası idi.
İnsan və heyvanlarda ağır xəstəliklərin törətdiyi bakteriyaların siyahısı davam etdirilə bilər. Onlardan bəziləri bunlardır:
- Mycobacterium tuberculosis, və ya Koçun çubuğu - vərəmə səbəb olan bir bakteriyadır. Müasir zamanda belə bu xəstəlikdən ölüm halları olduqca yüksəkdir. Bu xəstəlik insan ölümünə səbəb olan ilk on səbəblərdən biridir. Dünya əhalisinin dörddə birində gizli vərəm var. Bu o deməkdir ki, xəstəlik hər an özünü göstərə bilər, bu da immun sisteminin zəifləməsi ilə bağlıdır;
- Staphylococcus aureus, və ya qızılı stafilokok, - patogenliyi yüksək olan stafilokoklardan biridir. Staphylococcus aureus, sətəlcəm, meningit, zəhərli toksik şok, sepsis və digər çox xoşagəlməz xəstəliklərə səbəb ola bilər;
- Francisella tularensis tularemiyanın törədicisidir, zoonotik bakterial xəstəliyidir. Tulyaremiya ümumi intoksikasiya, uzun müddət davam edən yüksək hərarət, ümumiləşdirilmiş limfadenit, hepatosplenomeqaliya, polimorfik səpki və digər simptomlar ilə müşahidə olunur.

Viruslar

Virus (lat. Virus - zəhər) hüceyrəsiz bir yoluxucu agentdir, yalnız hüceyrələrin içərisində çoxala bilər. Viruslar bitki və heyvanlardan, bakteriya və arxeaya qədər hər növ orqanizmi yoluxdurur. Bunlar bir hissəsi nuklein turşusu və bir hissəsi protein qatından ibarət hissəciklərdir. Formaları: çubuq şəklində, sferik və s. Ölçüsü 20-dən 300 mikrona qədər və ya daha çox ola bilər.
Viruslar müstəqil olaraq yaşaya və çoxala bilmirlər. Həqiqi hüceyrə parazitləri kimi, hüceyrədəki maddələr mübadiləsindən tamamilə asılıdırlar. Hüceyrəyə nüfuz edərək, onu virusun tərkib hissələrini sintez etməyə məcbur edirlər. Bununla əlaqədar olaraq, onlar öz genetik məlumatlarını yoluxmuş hüceyrələrin irsi aparatlarına yükləməyi bacarırlar. Viruslar, bir hüceyrəni yoluxdurmaqla, onu özünün çoxalmasına kömək etməyə məcbur edir bu fəaliyyət, hüceyrənin ölümü ilə tamamlanır.
Virusların mənşəyi hələ də aydın deyil. Bir neçə fərziyyə var, lakin onların hər birinin öz zəif tərəfləri vardır və virusların mənşəyi haqqında tam məlumat verilmir. Lakin, hazırda bir çox mütəxəssislər virusların təbiətdəki hüceyrəsiz canlıların qədim təcrid olunmuş qruplara aid olduğunu qəbul edirlər.
Virusların mənşəyi haqqında fərziyyələr arasında olduqca maraqlı olanı reqressiya hipotezidir. Bu hipotezaya görə, viruslar əvvəllər daha böyük hüceyrələrdə parazitizasiya edən kiçik hüceyrələr idi. Nəzərə alsaq ki, ümumiyyətlə həyat yarandıqdan dərhal sonra parazitizm meydana gəlmişdir, onda milyardlarla il ərzində viruslar əslində lazımsız olan orqanlarını itirmiş, nəslin davamı üçün yalnız genetik material saxlamışdırlar. Belə reqressiv inkişaf - parazitizmdə universal bir hadisədir. Buna nümunə Sestodlardır – heyvanların və insanların mədə-bağırsaq traktında parazit həyatı sürən helmintlərdir. Sestodlarda, həzm sistemi təkamül zamanı tamamilə yox olmuş və bütün qidaları sahibindən hazır formada alırlar. Virusların Yer üzərində çox əvvəl yarandığını nəzərə alsaq, reqressiv təkamül üçün və indiki vəziyyətinə çevrilmək üçün kifayət qədər vaxt var idi.
Viruslar planetdə üzvi maddənin mövcudluğunun ən ümumi Onlar genetik müxtəlifliyə səbəb olan və təkamül istiqamətləndirən müxtəlif növlər arasında genlərin köçürülməsi üçün təbii bir vasitədir. Yuxarıda göstərilənlər, yer üzündə həyatın olması üçün viruslara ehtiyacın olmasının yalnız bir nümunəsidir və belə misalları daha çox göstərmək olar. Bildiyimiz formada həyat virusların sayəsində mövcuddur.
Viruslar həyatın xüsusi bir formasıdır, və ya canlı orqanizmlərlə qarşılıqlı olan üzvi molekulların bir kompleksidir? Sual açıq qalır, lakin birmənalı şəkildə demək olar - viruslar həyat və həyat olmayan sərhətə aiddirlər.
Viruslar çox sayda xəstəliyə səbəb olur, əksəriyyəti asimptomatikdir, bəziləri ölümcül və təhlükəli olur. Çiçək, quduzluq, qrip, ensefalit, qızılca, qulaq dibi, məxmərək, hepatit, dabaq xəstəliyi və s. kimi xəstəliklərin törədiciləri viruslardır.
Virusların yaratdığı epidemiyalar və pandemiyalar bakteriyaların səbəb olduğu xəstəliklərdən heç də az deyil. Tarixdə, milyonlarla insanın ölümünə səbəb olmuş, bir neçə böyük epidemiya və pandemiyalar var idi ki, onların da günahkarları viruslar idi. Bəzi məlumatlara görə, Avropadan gətirilən viruslar, xüsusən də çiçək virusu Amerikanın yerli əhalisinin 70 faizinə qədər öldürülmüşdür. Ən məşhur virus pandemiyası 1918-1919-cu illərdə İspan qripidir. Cəmi iki il ərzində İspan qripi Birinci Dünya Müharibəsindən bir neçə dəfə çox insan həyatını apardı. Müxtəlif hesablamalara görə, 50 milyondan 100 milyonadək insan dünyasını dəyişiblər, o dövrdə dünya əhalisinin təxminən 5 faizi idi. İlk növbədə zəif insanlar (yaşlılar, uşaqlar, xroniki xəstəlikləri olan insanlar) üçün təhlükəli olan adi qripdən fərqli olaraq, İspan qripi sağlam orta yaşlı insanları öldürürdü. Bu fenomenin səbəbi, ola bilsin ki, İspan qripin törədicisi A qripinin törədicisinin mutasiyası idi. İnsanın immun sistemi, genetik olaraq tanımadığı bir təcavüzkar patogenlə görüşərək ölümlə nəticələnə biləcək qeyri-adi reaksiya göstərdi. Buna bənzər reaksiya hazırda Covid-19 ilə xəstələnən insanlarda da müşahidə olunur.
Çiçək xəstəliyi min illərdi insanlığı dəhşətə gətirən və dünyada milyonlarla insanın ölümünə səbəb olan bir xəstəlikdir. Çiçək xəstəliyi hava- damcı yolu ilə ötürülür. Bu xəstəlik zamanı qızdırma, ürəkbulanma müşahidə olunur, bədən maye ilə doldurulmuş kabarcıklarla örtülür. Bundan sonra bədəndə yara izləri qalır. Hər üçüncü xəstə çiçək xəstəliyindən ölürdü. Yaşaya bilənlər çox vaxt görmə qabiliyyətini itirirdilər. Çiçək xəstəliyi insanlar tərəfindən tamamilə məğlub edilmiş ilk xəstəlikdir.
1967-ci ildə çiçək xəstəliyi üzərində son qələbə üçün, Ümumdünya Səhiyyə Təşkilatı, problemli ölkələrdə əhalinin ən azı 80%-nin peyvənd edilməsini hədəfləyən görünməmiş bir proqram başlatdı - virusun yayılmasını dayandırmaq üçün yetərli sayılan bu səviyə idi. Proqram, demək olar ki, on il davam etdi və uğurla başa çatdı - sonuncu çiçək xəstəliyinə yoluxma hadisəsi 1977-ci ildə Somalidə qeydə alınmışdır. Bu günə qədər insanların çiçək xəstəliyinin törədicisi təbiətdə yoxdur - virus nümunələri ABŞ və Rusiyadakı yalnız iki laboratoriyada saxlanılır.
Virusların bir çox növü heyvan və quşlar arasında yayılıb, tez-tez epizootiyaya səbəb olurlar. Müasir peyvəndlər sayəsində virus etiologiyalı xəstəliklərin, dabaq, iri buynuzlu heyvanlarda taun və çiçək, Auyeski, bədxassəli kataral isitmə, quşların Nyukasl xəstəliyinin və s. qarşısını almaq olur. Bu xəstəliklər arasında zoonozlar var - heyvanlar və insanlar arasında yayılan patogenlər (quduzluq, quş və donuz qripi, Ebola).

Bəzi nəticələr

Patogen bakteriyalar, viruslar və onların səbəb olduğu xəstəliklər haqqında danışmaq çox olar, lakin artıq bəzi ümumi nəticələr haqqında qeydlər edilə bilər:
- "köhnə" infeksiyaların qayıdışı və aktivləşməsi, baxmayaraq ki, bu xəstəliklər azalmış və hətta bəziləri "aradan qaldırılmışdır" müşaidə olunur;
- elm mikroorqanizmlərin ümumi sayının yalnız əhəmiyyətsiz bir hissəsini öyrənmişdir və əksər hallarda bu tədqiqat işləri laboratoriya və ya fərziyə xarakterlidir;
- bakteriya və viruslar mutasiya edə bilərlər, xarici təsirlərə, o cümlədən dərmanlara, xüsusən də antibiotiklərə qarşı müqavimətini artıra bilərlər;
- xüsusilə təhlükəli yoluxucu xəstəliklərin törədiciləri yoxa çıxmayıblar və vaxtaşırı özlərini xatırladırlar;
- infeksion xəstəliklərin profilaktikası problemlərinə insanların məsuliyyətsiz münasibəti, antibiotiklərin, immunostimulyatorların və terapevtik vasitələrin düşüncəsiz istifadəsi, bəşəriyyəti yeni epidemiyaların və epizootiyaların baş verməsinə səbəb ola bilər;
- insanın infeksion xəstəliklərin törədicilərinə təsiri nəticəsində "köhnə" mikroorqanizmlər daha aqressiv xüsusiyyətləri əldə edirlər, yeni patogenlər yaradı1rlar;
- insanın mikroorqanizmlərə təsiri səbəbindən patogen olmayan və şərti olaraq patogen mikrofloranın meydana gəlməsi ilə bağlı dəyişikliklər məsələsi kifayyət qədər öyrənilməmişdir;
- belə təəssürat yaranır ki, insanın öz orqanizmində və bütövlükdə ətrafda gizlənən təhlükəni təsəvvür etmir;
- ətraf mühitin çirklənməsi, keyfiyyətsiz qidalanma, şəhərlərdə insanların sıx olması və müasir həyatın bir çox mənfi cəhətləri insanların immunoreaktivliyinin azalmasına və deformasiyasına səbəb olmuş, yeni epidemiyaların və hətta pandemiyaların baş verməsinə səbəb ola bilər;
- dövlət və cəmiyyət, səhiyyə və bu sahədə işləyən insanlara münasibətlərini yenidən nəzərdən keçirməlidir. Səhiyənin zəif maliyyələşdirilməsi, tibb işçilərinin aşağı maaşları millətin sağlamlığına xidmət etmir;
- hər bir dövlətin bioloji təhlükəsizliyi daimə aktual olmalıdır. Pandemiya və böyük epizootiya hallarında vaksinlər, diaqnostik dəstləri, serumlar və digər zəruri preparatların idxalı (hətta baha qiymətə də ) həmişə mümkün olmayacaqdır.

İnsanlar və mikroorqanizmlər arasındakı əlaqənin bu qısa icmalına yekun vuraraq qeyd etmək lazımdır ki, son illərdə keçmiş SSRİ respublikalarında tibb və baytarlıq sahəsində bioloji tədqiqatların maliyyələşdirilməsi kəskin şəkildə azalmışdır. Belə vəziyyət, gec-tez ciddi mənfi nəticələrə səbəb ola bilər və neqativ nəticələrin aradan qaldırılması daha çox səy və vəsait tələb edə bilər.

P.S. Növbəti hissədə söhbət prion və protozoa nəticəsində yaranan xəstəliklərdən, eləcə də insan və heyvanların immun sisteminin mexanizmlərindən, biopreparatlardan bəhs edəcək.

Baytarlıq Elmi-Tədqiqat İnstitutun
direktor müavini bayt.ü.f.d. dosent İltifat Hacıyev

BİZİM MEDİA

FAYDALI KEÇİDLƏR

client-logo client-logo client-logo client-logo client-logo client-logo

TARİXDƏN SEÇMƏLƏR


Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutu 1930-cu ildə yaradılmışdır.

İnstitut təşkil etdiyi gündən keçən illər ərzində kiçik stantsiyadan iri elmi müəssisəyə çevrilmişdir. 2001-ci ildə institutun 100 illiyi tamam olmuşdur.

AzETBİ ciddi baytarlıq problemlərini hazırlayıb həyata keçirən və baytarlıq üzrə elmi kadrlar hazırlayan mərkəzdir. İnstitutda bu günə kimi 23 elmlər doktoru və 173 elmlər namizədi yetişdirmişdir.

BİZİMLƏ ƏLAQƏ


(+99455) 553 74 49

(+99412) 514 84 03

[email protected]

Azərbaycan, İndeks 1029, Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci Köndələn küçəsi

© 2019 Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu. Sayt lider.az tərəfindən hazırlanmışdır.

Follow us: