16 yanvar 2024-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2023-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, eləcə də Səhiyyə, Kənd Təsərrüfatı, Elm və Təhsil nazirliklərinin nümayəndələri, bir sıra tibbi müəssisələrin direktorları, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi institutlarda, həmçinin ali təhsil və tibb müəssisələrində 2023-cü ildə əldə olunan mühüm elmi nəticələri əks etdirən sərgi nümayiş etdirilib.
Sərgidə Baytarlıq Elmi-Tədqiqat İnstitunun rəhbərliyi və əməkdaşları da iştirak etdilər. İnstitutumuzun mühüm elmi nəticələri olan yeni kitablar, tövsiyələr, bukletlər və həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış “İgY melanjı” bioloji yem əlavəsinin Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, brusellyozun diaqnostikası üçün “Antigen” testinin istehsalı, Brusellyozun diaqnostikası üçün “RozBenqal” diaqnostikumu, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış gön dəridə qara yara xəstəliyinin diaqnostikası üçün “Qara yara presipitəedici serum”u nümayiş etdirildi.