2025-ci il 15 yanvar tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Baytarlıq Elmi Tədqiqat İnstitutunun (BETİ) inzibati binasında, şöbələrində, laboratoriyalarında və Baytarlıq Klinikasında olub.
Sonra nazir BETİ-nin nəzdində fəaliyyət göstərən 2-ci səviyəli biotəhlükəsizlik laboratoriyasında institut əməkdaşları tərəfindən hazırlanmış baytarlıq preparatları və diaqnostikumlarının istehsalı ilə tanış olub.
Görüş zamanı nazir institutun elmi fəaliyyəti, icra olunan mövzular ilə maraqlanıb, əməkdaşlarla görüşüb. Görüşdə institutun elmi-tədqiqat istiqamətləri, elmi-tədqiqat işlərin icra vəziyyəti, institutun maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriya və şöbələrin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin özəl fərdi heyvandarlıq təsərrüfatlarında tətbiqi məsələləri müzakirə olunub.
Naziri Məcnun Məmmədov qeyd edib, ki son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi ən mühüm prioritetlərdən sayılır. Elmi potensialdan, müasir yanaşmalardan səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsi, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması prosesini daha da sürətləndirir.
Qeyd olunub ki, institutda aparılan elmi tədqiqat işləri, mövzular respublikamızda heyvandarlığı narahat edən xəstəliklərə uyğun olmalı, institut öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir.
Daha sonra Nazir institutun hər bir əməkdaşının müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Əməkdaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb, nəzarətə götürülüb.
Görüş zamanı institututun rəhbərliyi və əməkdaşları göstərilən diqqət və qayğıya görə Nazir Məcnun Məmmədova minnətdarlıqlarını bildiriblər.