19.02.2025-ci il tarixində İmişli rayonunda 2025-ci ilin ilk Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda İmişli, Saatlı, Sabirabad, Beyləqan və Biləsuvar rayonlarından olan fermerlər iştirak ediblər. Festivalda müxtəlif kənd təsərrüfatı məhsulları, texnika və avadanlıqlar sərgilənib. Fermerlər toxum, gübrə və pestisidlər, müasir suvarma texnologiyaları və kənd təsərrüfatı texnikaları ilə tanış olub, onların tətbiqi barədə ətraflı məlumat əldə ediblər.
Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev belə tədbirlərin regionlarda kənd təsərrüfatının inkişafına, fermerlərin maariflənməsinə və yeni texnologiyaların tətbiqinə mühüm töhfə verdiyini vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Aqrar Biznes Festivallarının kənd təsərrüfatında müasir texnologiya və innovasiyaların fermerlərə çatdırılması, eləcə də fermerlər və təchizatçı şirkətlər arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov dövlətin kənd təsərrüfatı sektoruna göstərdiyi dəstək, xüsusilə də güzəştli kreditlər və digər maliyyə mexanizmləri barədə danışıb. O, fermerlərin bu imkanlardan səmərəli istifadə etmələrinin vacibliyini qeyd edib.
Festival çərçivəsində kənd təsərrüfatına dair müxtəlif xidmətlərin təklifi və məhsulların nümayişi ilə yanaşı, regionlarda sahibkarlığın inkişafına dəstək, eləcə də fermerlərin maliyyə savadlılığının artırılması, güzəştli kreditlərin verilməsi ilə bağlı məlumatlandırma məqsədilə kredit yarmarkası keçirilib. Yarmarkada iştirak edən 10-a yaxın bank və bank olmayan kredit təşkilatının mütəxəssisləri potensial müştərilərinə kreditlərin verilməsi ilə bağlı məsləhət və tövsiyələr verib.
Festivalda Baytarlıq Elmi-Tədqiqat İnstitutu da iştirak edib və və İnstitutumuzun stendində müxtəlif kitablar, monoqrafiyalar, məlumat kitabçaları, tövsiyə və bukletlər, həmçinin İnstitutumuzun laboratoriyasında hazırlanmış Yeni doğulmuş buzovların rotovirus, koronavirus, eşerixioz infeksiyalarına qarşı hazırlanmış İgY-texnalogiyasının Azərbaycan Respublikasının təsərrüfatlarında ilk tətqiqi və tətbiqi, Brusellyozun diaqnostikası üçün Antigen testinin istehsalı, Brusellyozun diaqnostikası üçün RB sisteminin istehsalı, BETİGen markalı “Quşların Newcastle Real Time PCR detection kit” diaqnostik dəsti, atların qan zərdabından hazırlanmış qara yara xəstəliyinin iri və xırda buynuzlu heyvan dərisində müayinəsi üçün presipitəedici serum və heyvanlarda dabaq xəstəliyinin profilaktika və müalicəsi üçün “Dabaq IgY” burundaxili immunoqlobulin spreyi nümayiş etdirib.